ABŞ Prezidenti Donald Tramp ölkədə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. Ağ Ev rəhbəri bildirib ki, bu yeni struktur onun ilk prezidentlik dövründə yaratdığı Kosmik Qüvvələrə bənzər olacaq. Lakin yeni qurumun hərbi struktur olub-olmayacağı hələlik dəqiqləşdirilməyib.
Trampın yeni planı nədir? ABŞ-dan sonra digər ölkələr də süni intellekt ordusu yaradacaq?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, ABŞ bu sahədə bir qədər də irəli gedib:
“Təxminən yeddi il əvvəl digər ölkələrdə mövcud olmayan kosmik qüvvələr də orada yaradılıb. İndi isə süni intellekt qüvvələrinin yaradılması gündəmə gəlib. Bu, bir daha göstərir ki, elm və texnologiya inkişaf etdikcə, təhlükəsizliyi, müdafiəni təmin edən silahlı qüvvələrin tərkibi, eləcə də onların strukturuna daxil olan qoşun və qüvvələrin forması əsaslı şəkildə dəyişir. Dünyanın bir çox ölkəsində süni intellekt texnologiyalarının müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə tətbiqi, eləcə də bu texnologiyalar əsasında xüsusi hissə və bölmələrin yaradılması aktual müzakirə mövzularından birinə çevrilib”.
Ədalət Verdiyev
Ekspert bildirib ki, Azərbaycanda hərbi-texniki potensialın gücləndirilməsi üçün zəruri addımlar da zamanı çatdıqca atılır:
“Yüksək intellektə, biliyə malik gənclərin Milli Müdafiə Universitetinin tərkibindəki bölmələrdə xidmət etməsi, Pilotsuz Qoşunlar Komandanlığının yaradılması və digər tədbirlər yaxın perspektivdə Azərbaycanda da süni intellektlə fəaliyyət göstərən və bu texnologiyaların hərbi sahədə daha geniş tətbiqinə imkan verən strukturların yaradılacağını deməyə əsas verir.
Həm hərbi, həm də digər sahələrdə süni intellektdən aktiv istifadə Azərbaycan üçün də prioritet məsələlərdən biridir. Ölkəmiz Türkiyə və İsraillə yaxın əməkdaşlıq edir. Hər iki ölkə süni intellektin pilotsuz aviasiyada istifadəsinə böyük maliyyə vəsaitləri yatırır. Azərbaycan üçün bu dövlətlərin məhsulları kifayət qədər əlçatandır. Həm İsraildə, həm də Türkiyədə silahlı qüvvələrin tərkibində süni intellekt əsasında fəaliyyət göstərən qoşun növlərinin ayrıca yaradılması ilə bağlı qərarlar qəbul edilib. Azərbaycanın da belə bir qərar qəbul etməsi gözləniləndir”.
Ləman İmran
Globalinfo.az