Hadisənin ayrıca diqqətçəkən cəhəti ondan ibarətdir ki, Əkbər Qoşalı Rəmi Qəribov medalına mükafatın təsis olunduğu ölkədən qıraqda layiq görülən ilk yazardır. Beləliklə, Rami Qaripovun adı ilə bağlı yeni ədəbi mükafatın coğrafiyası ilk dəfə Başqurdistan hüdudlarını aşaraq Azərbaycana – Bakıya uzanıb.Rəmi Qəribov medalı BYB İdarə Heyətinin qərarı ilə 2026-cı ilin fevralında, böyük başqurd şairinin doğum günü ərəfəsində təsis edilib. Mükafatın əsas təqdimat formulu “Başqurdistan ədəbiyyatının inkişafına töhfəyə görə”dir.
Mükafat haqqında Əsasnaməyə görə, medal yalnız yazıçılara, milli ədəbiyyatın inkişafına önəmli töhfə vermiş səhnə ustalarına, dövlət və ictimai xadimlərə, eləcə də xarici ölkə vətəndaşlarına təqdim oluna bilər.
Medalın üz tərəfində Rəmi Qəribovun portreti və adı, arxa tərəfində isə “Başqurdistan ədəbiyyatının inkişafına töhfəyə görə” sözləri həkk olunub. Medalın lentində Başqurdistanın dövlət bayrağının göy-ağ-yaşıl boyaları əks etdirilib.
Rəmi Qəribov (Rəmi Yəğəfər ulı Ғарипов; 1932–1977) XX yüzil başqurd poeziyasının görkəmli nümayəndəsidir. O, şairliklə yanaşı, publisist və tərcüməçi kimi də zəngin irs yaradıb. 1988-ci ildə (ölümündən sonra) Salavat Yulayev adına Dövlət mükafatına, 1992-ci ildə isə Başqurdistanın Xalq şairi adına layiq görülüb.
Rəmi Qəribov medalının təsis olunmasını şərh edən BYB başqanı Aygiz Baymuxamet böyük şairin başqurd ədəbiyyatı tarixində bənzərsiz iz qoyduğunu, onun həm də yüksək səviyyəli tərcümələri vasitəsilə dünya xalqları arasında dostluq körpüsü yaratdığını vurğulayıb. Başqanın fikrincə, Rəmi Qəribovun xatirəsinin əbədiləşdirilməsi mənəvi borcdur.
Medalın Azərbaycan nümayəndəsinə təqdim olunması ayrıca rəmzi anlam daşıyır: özü tərcümə vasitəsilə xalqlar arasında mənəvi körpülər yaratmış Rəmi Qəribovun adını daşıyan mükafat bu dəfə Başqurdistan–Azərbaycan ədəbi əlaqələrinin körpüsünə çevrilir.
Bu, həm də, Əkbər Qoşalının timsalında Türk dünyası ədəbi əlaqələrinə verilən qiymətdir. Əkbər Qoşalı uzun illərdir Azərbaycanla digər türk ölkə, topluluqları arasında ədəbi-mədəni bağların inkişafı, çağdaş türk ədəbiyyatının qarşılıqlı tanıdılması, yazarlar arasında birbaşa münasibətlərin genişləndirilməsi yönündə səmərəli işlər görür.



