2025 10 03T084118Z 1936916131 RC284HAJLAOG RTRMADP 3 FINLAND NATO pic4 zoom 1500x1500 51219


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Avropa Parlamentindəki illik çıxışı zamanı danışıb.

Leyenin sözlərinə görə, yeni format çərçivəsində Avropa İttifaqı ölkələrinin liderləri Kanada, Norveç, Ukrayna və Böyük Britaniya kimi tərəfdaş dövlətlərin rəhbərləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

“Uzun müddətdir ki, qitəmizin təhlükəsizliyinə yönələn liderlər görüşünün formatını müzakirə edirik. Bu formatda Ukrayna, Böyük Britaniya, Norveç, Kanada və digər maraqlı tərəfdaşların iştirakı nəzərdə tutulur. Mövcud risklərin xarakterini və miqyasını nəzərə alsaq, bu, indi daha aktualdır. Buna görə də Avropa Təhlükəsizlik Şurasının yaradılmasını reallığa çevirmək üçün ideyalarımızı təqdim edəcəyik”, – Leyen bildirib.

Avropa Komissiyasının rəhbəri belə bir platformanın təcili şəkildə yaradılmasının vacibliyini vurğulayıb. O, həmçinin NATO-dan müstəqil, təhlükəsizliyə təhdid yaradan, lakin silahlı təcavüz səviyyəsinə çatmayan hallara birgə reaksiya vermək üçün Avropada xəbərdarlıq mexanizminin yaradılmasına çağırıb.

Təklifə əsasən, Aİ-yə üzv 27 ölkədən biri belə xəbərdarlıq mexanizmini işə saldıqda, bütün üzv dövlətlər məsləhətləşmələrə başlamalı olacaq.

Leyen bildirib ki, bu mexanizm NATO-nun 4-cü maddəsini tamamlamalıdır. Həmin maddə müttəfiqlərə silahlı münaqişə hesab edilməyən, lakin onların təhlükəsizliyinə və ya ərazisinə təhdid yarada biləcək insidentlərlə bağlı təcili məsləhətləşmələr tələb etmək imkanı verir.

Onun sözlərinə görə, Avropa İttifaqında kiberhücumların, diversiyaların, yanğınların və pilotsuz uçuş aparatlarının əraziyə daxil olması hallarının sayı hər gün artır.

Leyen qarşıdakı qışda Ukraynaya Avropa İttifaqının ən genişmiqyaslı dəstəyini göstərəcəyini də açıqlayıb. O bildirib ki, bu qışın Rusiya tərəfindən başlayan müharibədən sonra Ukrayna üçün ən ağır dövrlərdən biri olacağı gözlənilir. Bu çərçivədə Aİ Ukraynaya humanitar yardım göstərəcək, ölkənin elektrik enerjisi və istiliklə təminatını gücləndirəcək, həmçinin hava hücumundan müdafiə imkanlarının artırılmasına dəstək verəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: