Gürcüstan mediası Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinə geniş yer verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər ölkə mediasında geniş işıqlandırılıb.
Gürcüstanın aparıcı televiziya kanalları və xəbər portalları dövlət başçısının Avropa Şurası və Avropa Parlamenti ilə bağlı açıqlamalarını xəbər lentlərinə çıxarıb, onun fikirlərindən sitatlar dərc edib və videomateriallar yayımlayıblar.
“İmedi” telekanalının xəbər portalı İlham Əliyevin Azərbaycanın Avropa Şurasında üzvlüyü dövründə qarşılaşdığı münasibətlə bağlı fikirlərini önə çıxarıb.
Portalın yaydığı materialda Azərbaycan Prezidentinin “Avropa Şurasının üzvü olaraq, biz bu ədalətsizliklə üzləşmişik, indi də üzləşirik və çox güman ki, gələcəkdə də üzləşəcəyik” sözləri başlığa çıxarılıb.
“İmedi” həmçinin dövlət başçısının Azərbaycanın Avropa təşkilatlarında fəaliyyət göstərən azsaylı müsəlman ölkələrindən biri olduğunu və bu qurumlarda baş verən prosesləri yaxşı bildiyini vurğulayan fikirlərinə yer verib.
Gürcüstan mediasının diqqət çəkdiyi digər açıqlama isə Azərbaycan Prezidentinin Avropa Parlamenti ilə bağlı sərt mövqeyi olub.
“İmedi”, 1TV, “Rustavi 2”, “NewsHub” və digər xəbər resursları İlham Əliyevin “Avropa Parlamenti korrupsionerlərin yuvasıdır” ifadəsini başlığa çıxarıblar.
Yayılan materiallarda Azərbaycan Prezidentinin bu fikrini əsaslandırarkən Avropa Parlamentindəki korrupsiya qalmaqalına istinad etdiyi və qurumun həmin hadisələrə münasibətini tənqid etdiyi qeyd olunub.
1TV dövlət başçısının çıxışından digər fikirlərə də yer verib. Kanalın materialında İlham Əliyevin Avropa Parlamentində korrupsiya ilə bağlı qalmaqalı xatırlatdığı, həmçinin qurumun Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə münasibətini tənqid etdiyi bildirilib.
Beləliklə, Azərbaycan Prezidentinin Bakıda səsləndirdiyi açıqlamalar Gürcüstanın müxtəlif media platformalarında həm yazılı, həm də video formatında geniş auditoriyaya təqdim olunub.