“Milli Məclisdə müxalifət adından çıxış edənlərin hərəsinə bir avtomobil veriblər…” – Partiya sədri

“Milli Məclisdə müxalifət adından çıxış edənlərin hərəsinə bir avtomobil veriblər...” – Partiya sədri

Bir müddət əvvəl keçmiş səhiyyə naziri Əli İnsanov siyasi partiyaların birləşməsini təklif etmişdi. Bu təklif bir neçə partiyanın özlərini buraxması prosesi ilə eyni vaxta düşür.

Siyasi partiyalarla bağlı nə baş verir? Bu sektorla bağlı nələt planlaşdırılır? Ümumiyyətlə, planlaşdırılırmı? Əli İnsanov bu qıcıqlamanı öz təşəbbüsü ilə verib, yoxsa kiminsə ağzı ilə danışıb?

Globalinfo.az bir neçə siyasi partiya sədri ilə əlaqə saxlayıb. Onların əksəri Əli İnsanovun təklifini ciddi qəbul etmədiklərini bildiriblər.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də Ə.İnsanovun mövqeyinə fikir bildirmək istəmədiyini, lakin ümumi olaraq açıqlama verəcəyini deyib:
“Siyasi partiyalar haqqında yeni qanun qüvvəyə mindikdən sonra belə mövzu gündəmə gəlib ki, siyasi partiyalar birləşsin. Bunlar süni şəkildə deyil, təbii olmalıdır. Siyasi partiyaların bir araya gəlməsi normal haldır. İdeoloji yönümə görə bu, adətən seçkilər dönəmində gündəmə gəlir. Bizdə isə demokrat seçki yoxdur”.

E.Musayev partiyaların birləşmə məsələsinin onların gündəmində olmadığını bildirib:

“Fəaliyyətimizi yeni qanuna uyğun qururuq. Son dövrlərdə bölgələrə ən çox səfər edən, yerli təşkilatların formalaşmasında iştirak edən bizim partiyadır. Ona görə də, hansısa partiya birləşəcəksə, Allah işlərini avand etsin. Bizim heç kimlə birləşmək niyyətimiz yoxdur. Üzdə olan adamların əksəriyyəti müəyyən səbəblərdən YAP-a üzv olublar. Adamlar var ki, orada olmaq istəməsələr də, övladının, işinin xətrinə məcbur partiyaya üzv olurlar”.

“Milli Məclisdə müxalifət adından çıxış edənlərin hərəsinə bir avtomobil veriblər...” – Partiya sədri

Elşad Musayev 

Partiya sədri deyib ki, siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün hamıya bərabər şərait yaratmaq lazımdır:

“Kiminsə hansısa siyasi partiyada olması təhlükəli olmamalıdır. Süni yolla partiyaları birləşdirmək lazım deyil. Ortada normal demokrat seçki olmadıqdan sonra partiyalar birləşsə nə xeyri, ayrı olsa nə xeyri?! İnsanların müxtəlif hüquqları var ki, onlardan biri də siyasi fəaliyyətlə məşğul olmaqdır. Bunu məhdudlaşdırmaq olmaz!”

E.Musayev daha əvvəl prosesə Ramiz Mehdiyevin rəhbərlik etdiyini bildirib:

“Ramiz Mehdiyevə görə partiyalar dərnək səviyyəsinə endirildi və gözdən salındı. Hələ də gözdənsalma kampaniyası davam edir. Çoxları isə bilərəkdən də, bilməyərəkdən də prosesdə iştirak edir. 30-35 partiya özünü buraxıb gedəcək. Üzdə neçə partiya sədri var? Baxsaq, heç 15 nəfər yoxdur. Parlamentdə müxalifəti təmsil edən, müxalifət adından çıxış edənlər var ki, onların da hər birinə bir avtomobil veriblər. Mən istəyirəm müxalif partiyalar artıq normal fəaliyyət göstərə bilsinlər”.

Zaira Akifqızı
Globalinfo.az