Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
Globalinfo.az bildirir ki, Gəncəsər monastır kompleksi – erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir.
Bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.
Gəncəsər monastırı işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir.
Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başladılar. Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub.
***11:32
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Globalinfo.az bildirir ki, səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Səfər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Ağdərə və Kəlbəcər rayonlarında reallaşdırılan genişmiqyaslı bərpa və tikinti layihələri ilə tanış olacaqlar.
Diplomatlara regionda həyata keçirilən sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs obyektlərinin vəziyyəti, eləcə də onların qorunması və bərpası istiqamətində görülən işlər təqdim olunacaq.
Qeyd edək ki, bu, diplomatik korpusun nümayəndələrinin 2020-ci ildən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.



