Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edib.
Bu barədə Globalinfo.az-a QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 10-da başlanılır.
Müraciət üçün son tarix isə oktyabrın 1-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.
Müsabiqə çərçivəsində kiçik qrant üzrə ayrılacaq vəsaitin yuxarı həddi 30 min manat, böyük qrant üzrə isə qrant məbləğinin aşağı həddi 30 min, yuxarı həddi isə 100 min manat müəyyən edilib.
Müsabiqələr rəqəmsal transformasiya, innovasiya və süni intellekt əsaslı təşəbbüslər, regionlarda, kənd və ucqar ərazilərdə yaşayan gənclərin inkişaf imkanlarının genişləndirilməsi və sosial fəallığının artırılması, gənclər arasında sağlam həyat tərzinin, fiziki fəallığın və idmanın təşviqi, zərərli vərdişlərin və riskli davranışların qarşısının alınması, könüllülük fəaliyyəti, məşğulluq, sahibkarlıq, karyera planlaşdırılması və peşə bacarıqlarının inkişafı, eləcə də gənc peşəkarların tanıdılması istiqamətlərini əhatə edir.
Bununla yanaşı, gənclərin davamlı inkişaf, ekoloji məsuliyyət və iqlim fəaliyyəti təşəbbüsləri, həmçinin şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə işə dair layihələr də müsabiqənin əsas istiqamətləri sırasındadır. Layihələrin qiymətləndirilməsi zamanı süni intellekt, innovasiya, startap, kibertəhlükəsizlik və yeni texnologiyalarla bağlı təşəbbüslərə, həssas sosial qruplara aid və xüsusi dəstəyə ehtiyacı olan gənclərin sosial inklüzivliyinin artırılmasına, gənclərin sağlamlığının və fiziki inkişafının qorunmasına, narkotik, siqaret, ekran aludəçiliyi, erkən nikah, məişət zorakılığı və insan alveri ilə mübarizəyə yönəlmiş təşəbbüslərə üstünlük veriləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə gənclərin təşəbbüslərinin dəstəklənməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin iştirakının təşviqi, ətraf mühitin və biomüxtəlifliyin qorunması, yaşıl inkişafın təşviqi, eləcə də şəhid ailələri və müharibə iştirakçıları üçün hüquqi və psixoloji xidmətlərin təşkili, Azərbaycanın istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili və gənc nəslin milli ruhda tərbiyəsi ilə bağlı layihələrə də üstünlük veriləcək.