Ötən gün “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı yeni detallar üzə çıxıb.
Globalinfo.az-ın xəbərinə görə, “Bakupost”a danışan və adının açıqlanmasını istəməyən hadisə şahidi bildirib ki, qəza onun kanata minməsindən təxminən 5 dəqiqə sonra baş verib.
Şahidin sözlərinə görə, o, hadisədən 4 gün əvvəl sentyabrın 4-də də ərazidə olub. Həmin vaxt ona kanatın təmirdə olduğu deyilib.
“Bizə dedilər ki, “mega” kanat təmirdədir, ona görə minə bilmədim. Sentyabrın 8-də isə kanat açıldı. Mən kanata mindikdən 5 dəqiqə sonra bu hadisə baş verdi. Bəs bunu necə təmir ediblər ki, belə hadisə baş verdi? Kanat niyə düzgün təmir olunmayıb?” – deyə şahid bildirib.
O həmçinin qeyd edib ki, ərazidə kiçik kanatın qiyməti 5 , böyük kanatın 15, “Mega” kanatın isə 20 manatdır.
Şahid hadisədən əvvəl ərazidə çəkdiyi videonu da “Bakupost”a göndərib.
Xatırladaq ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
