pol qobl

Globalinfo.az ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl ilə müsahibəni təqdim edir:

– Cənab Qobl, Ermənistan parlamentində 1999-cu ildə terror aktı zamanı öldürülmüş baş nazir Vazgen Sarkisyanın qardaşı, “Respublika” Partiyasının sədri Aram Sarkisyan iddia edib ki, bu hücumun arxasında Rusiya deyil, başqa bir xüsusi xidmət orqanı var. Sarkisyan bunun ABŞ ola biləcəyinə işarə edən açıqlama verib. Həmçinin, iddiaya görə, Ermənistan parlamentində törədilmiş terror aktı “Pol Qobl planı”nın (Meğri-Qarabağ mübadiləsi variantı, -red) qarşısını almaq və sülhə mane olmaq məqsədi daşıyıb. Bu məsələ barədə sizin fikrinizi öyrənmək istərdim.

– Mən hesab etmirəm ki, ABŞ bu hücumu təşkil edib. Və düşünmürəm ki, onlar diqqəti Moskvadan yayındıra və ya dörddə bir əsr əvvəl “Qobl Planı” deyilən bir şeyin həyata keçirilməsinin qarşısını ala biliblər. Əksinə, bu, Ki-Uestdə (2001-ci ildə münaqişənin həlli üçün ərazi dəyişikliyi və ya qarşılıqlı güzəştlər müzakirə olunmuşdu. – red) baş verdi.

– Ermənistan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşməsi və Qərbə inteqrasiyanın güclənməsilə Rusiyadan uzaqlaşır. Sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə İrəvanın Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olduğunu bildirdi. Bundan əlavə, Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılması da müzakirə mövzusuna çevrilib. Moskva-İrəvan münasibətlərinin necə irəliləyəcəyini düşünürsünüz? Rusiyanın mövcud təsir dairələri daraldılaraq bu formada məhvə sürüklənir?

– Rusiyanın təsir dairəsi bir müddətdir ki, daralır və Putin elə davranır ki, sanki Ermənistanı bir müttəfiq kimi “itirib”. Eyni zamanda, düşünürəm ki, Ermənistanda Türkiyə və ya Azərbaycanın hər hansı müdaxiləsi ehtimalına qarşı çıxmaq üçün Rusiya bazasının qalmasını istəyən kifayət qədər insan var. Eləcə də Rusiyada, bazanın bağlanmasının Moskvanı İrəvanda və digər yerlərdə daha da zəiflədəcəyini düşünən insanlar var. Nəticə etibarilə, düşünürəm ki, baza bir müddət, bəlkə də yeni və daha məhdudlaşdırıcı razılaşmalarla yerində qalacaq. Əgər Putin bazanın oradan çıxmasına razı olarsa, Moskvadakı çevrəsinə böyük zərbə vuracaq.

– ABŞ vitse-prezidenti Cey Di Vens Türkiyə, Azərbaycan və bir sıra ərəb ölkələrinin İrana qarşı mübarizədə və ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin olunmasında ABŞ-a qeyri-rəsmi dəstək verdiyini bəyan edib. Belə bir fikir var ki, ABŞ hərbi qarşıdurmanın yükünü müsəlman ölkələrinin üzərinə keçirməyə cəhd edir. Və region İran-İraq müharibəsi dövrünün modelinə yaxınlaşdırıla, iki tərəfin uzunmüddətli qarşıdurmaya cəlb olunaraq bir-birini zəiflətməsi və tükətməsi üçün şərait yaradıla bilər. Bu barədə nə düşünürsünüz?

– Tramp administrasiyası dövründə Vaşinqton istər Avropada, istərsə də Yaxın Şərqdə müharibələrin aparılmasında ən ağır məsuliyyəti onun birbaşa iştirakçılarının daşımasına çalışıb. Lakin Amerika və ya vahid Qərb yanaşması və dəstəkləyici tədbirləri olmadan bu bölgələrdəki gərginliklər ABŞ-ın məqsədlərinə çatmasını qeyri-mümkün edəcək.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: