Azərbaycanda kənd təsərrüfatında əsas prioritet kiçik fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşmasıdır.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster”Bakı İqlim Fəaliyyəti Həftəsi 2026″nın (BCAW 2026)” ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanın və xüsusilə kənd təsərrüfatı sektorunun uzun müddətdir ki, tərəfdaşıdır: “Belə ki, ölkədə fəaliyyətimizə 1990-cı illərdə, ilkin olaraq torpaq islahatlarına diqqət yetirməklə başlamışıq. O vaxtdan bəri həm kiçik torpaq sahiblərinə (fermerlərə), həm də genişmiqyaslı kənd təsərrüfatına investisiya qoyuluşuna keçid də daxil olmaqla, əhəmiyyətli maliyyələşmə ilə 9-a yaxın layihə həyata keçirmişik. Bank kənd təsərrüfatını Azərbaycan iqtisadiyyatının əsas hissəsi kimi görür. Bu sektor Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının sosial, insani, iqtisadi, hhəmçinin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı bir çox əsas sütunlarını özündə birləşdirir. Bu, qeyri-neft iqtisadiyyatına böyük töhfə verən, mühüm məşğulluq və eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi imkanları yaradan bir sahədir”.
Ş.Ştallmayster vurğulayıb ki, amma bu sahə iqlim dəyişikliyinə və deqradasiyaya qarşı həssasdır: “Buraya daha yüksək temperatur proqnozları, dəyişkən və azalan yağıntılar, güclü yağış hadisələri və məhsuldarlığın azalması daxildir. Bu, həmçinin otlaq sahələrinin məhsuldarlığının dəyişməsi vasitəsilə heyvandarlığa da mənfi təsir göstərir və məhsuldarlığı azaldır. İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri ilk növbədə, uyğunlaşma tədbirlərini tətbiq etmək imkanları daha məhdud olan kiçik fermer təsərrüfatlarına zərər vurur. Digər tərəfdən, həm böyük, həm də kiçik miqyasda tətbiq olunması o qədər də çətin olmayan uyğunlaşma həlləri mövcuddur. Bizim vəzifəmiz bu həll yollarını fermerlərə çatdırmaqdır. Azərbaycanda isə kənd təsərrüfatı iqtisadiyyatında üstünlük təşkil edən məhz kiçik fermerlərdir”.