Almaniyada enerji infrastrukturuna qarşı daha iki diversiya cəhdinin qarşısı alınıb.
Globalinfo.az xəbər verir ki, “Bild”in məlumatına görə, Saksoniyada Qrauştayn və Bervald yarımstansiyalarının yaxınlığında 11 kustar üsulla hazırlanan partlayıcı və yandırıcı qurğu aşkarlanıb.
Onlardan 4-ü Qrauştayn, 7-si isə Bervald yaxınlığında tapılıb.
Polis bundan sonra yüksək gərginlikli elektrik xətlərini yoxlayıb və ərazidə digər partlayıcı qurğuların olub-olmadığını araşdırıb. Hüquq-mühafizə orqanları əməliyyat keçirildiyini təsdiqləsə də, təfərrüat açıqlanmayıb.
Hadisələr Almaniyanın enerji obyektlərinə qarşı son günlərdə baş verən silsilə insidentlərin davamıdır.
Belə ki, sentyabrın 4-nə keçən gecə Bremen yaxınlığındakı Qanderkese yarımstansiyası “şübhəli hadisə” barədə məlumatdan sonra polis tərəfindən mühasirəyə alınıb. Həmin gün Dormagendə də yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında taymerlə təchiz edilmiş qurğular aşkarlanıb.
Sentyabrın 1-də Brandenburqda Yenshvalde elektrik stansiyasının yaxınlığındakı Preylak yarımstansiyasına hücum edilib. İki raketin yüksək gərginlikli xətlərə zərər vurduğu, ərazidə isə daha 20 kustar raketin aşkarlandığı bildirilir. Nəticədə 500 meqavat gücündə enerji blokunda texniki nasazlıq yaranıb.
Həmin gün Köln yaxınlığındakı Berhaymda elektrik ötürmə xəttinin üzərindən kabel keçirilməsi nəticəsində qısaqapanma baş verib. Hadisə Nideraussem və Noyrat elektrik stansiyalarında ümumi gücü təxminən 4200 meqavat olan beş enerji blokunun fəaliyyətinin dayanmasına səbəb olub.
Sentyabrın 2-də Brandenburqdakı yarımstansiyanın yaxınlığında partlayıcı qurğular, Auqsburqda isə Mərkəzi Dəmiryol Vağzalı yaxınlığında naməlum əşyanın partlaması qeydə alınıb.
Almaniya hakimiyyəti bu insidentləri Leypsiq-Halle hava limanında baş vermiş hadisə ilə bağlı araşdırma çərçivəsində də nəzərdən keçirir. Avqustun 4-də hava limanında Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinin yaxınlığında partlayıcı ilə təchiz edilmiş dron aşkarlanıb. Daha sonra ərazidə daha bir dron və təxminən 50 qram partlayıcı maddə tapılıb.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt araşdırmanın nəticələrinə əsasən bildirib ki, “hibrid hücumun” icraçıları Rusiya dövlət strukturlarının sifarişi ilə hərəkət ediblər.
Əliyar Xəlil