Almaniyanın “BSW” partiyasının Berlin şöbəsinin həmsədri Aleksandr Kinq ölkənin Rusiya ilə münasibətlərə dair siyasətini sərt tənqid edib.
Kinq Berlindəki “Rus Evi”nin bağlanmasına qarşı keçirilən nümayişdə bildirib ki, Almaniya hökuməti ölkəni Moskva ilə uzunmüddətli qarşıdurmaya hazırlayır. Onun sözlərinə görə, “Rus Evi” müharibə və böhran kimi mürəkkəb dövrlərdə tərəflər arasında dialoq üçün əlçatan kanal olaraq fəaliyyətini davam etdirməlidir.
Kinq vurğulayıb ki, Almaniya hökumətinin hazırkı siyasəti ölkəni sülhə deyil, Rusiya ilə uzunmüddətli münaqişəyə və hətta mümkün müharibəyə hazırlayır.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, uzun zamandır Almaniyada Rusiyaya qarşı dost yox, düşmən ritorikasının şahidi oluruq:
“Əslində, uzun müddət bu iki ölkə arasında kifayət qədər yaxşı münasibət var idi. Kanslerlər Friedrich Merz və Angela Merkel dönəmində biz bunu çox ciddi şəkildə hiss edirdik. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etdi, “Şimal Axını 2” layihəsi ərsəyə gəldi.

Turab Rzayev
Amma Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi. Rəsmi Berlin məcburi şəkildə Qərbin sanksiyalarına qoşuldu. Hazırda Almaniya silahlanmaya böyük vəsait xərcləyir. 100 milyardlıq hərbi büdcə qəbul edilib. Bütün bunlar, əlbəttə ki, Rusiyaya qarşıdır.
Almaniyadakı siyasətçilər də hazırda anqlo-sakson siyasətin bir parçasıdır. Yəni bu blokla hərəkət edirlər. Başqa cür desək, almaniyalı siyasətçilər ölkənin gələcəyini Avropa İttifaqı və Ukraynaya dəstəkdə görürlər. Buna görə də ciddi hərbi hazırlıq aparılır”.
Turan Rzayev
Globalinfo.az