Sentyabrın 3-də İstanbulun Sultanbəyli rayonunda terror aktı hazırlamaqda şübhəli bilinən 21 yaşlı şəxs əməliyyat zamanı polisə atəş açıb. Polis əməkdaşlarının cavab atəşi nəticəsində şübhəli öldürülüb. Hadisə yerində olan bir vətəndaşın isə yaralandığı bildirilir.
2014-2016-cı illər Türkiyədə terror təhlükəsinin yüksək olduğu dövrlər idi. Lakin daha sonra müvafiq tədbirlər nəticəsində bu təhlükə aradan qaldırıldı.
İstanbulda baş verən hücumun arxasında hansı qüvvələr dayanır? Türkiyəyə qarşı terror planının məqsədi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Türkiyə zaman-zaman regional və qlobal mövqeyini gücləndirməyə çalışdığı dövrlərdə ciddi problemlərlə üzləşir:
“Türkiyənin həm regionda, həm də dünyada müstəqil güc mərkəzinə çevrilməsinin qarşısını almaq üçün müxtəlif cəhdlər edilir. Bu cəhdlərin arxasında yalnız bir dövlət deyil, Türkiyənin güclənməsində maraqlı olmayan müxtəlif ölkələr və qüvvələr dayanır. Müəyyən dövrlərdə bu prosesdə səngimələr müşahidə olunsa da, təxribat, provokasiya və terror aktları törətmək cəhdləri davam edir.
Hesab edirəm ki, son hadisələr də bu prosesin tərkib hissəsidir. Son illərdə Türkiyənin mövqeyinin yenidən gücləndiyini görürük. Bir tərəfdən Ankara Qərb dövlətlərinin diqqət mərkəzindədir, digər yandan isə Rusiya və Çinlə münasibətlərini, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığını inkişaf etdirir. Bu, Türkiyənin xarici siyasətdə daha müstəqil mövqe nümayiş etdirməyə çalışdığını göstərir və müəyyən mənada Qərb dövlətlərini, xüsusilə də ABŞ-ı narahat edir”.

Faiq Ələkbərli
Siyasi şərhçi bildirib ki, ABŞ və Qərb dövlətləri, eləcə də Rusiya ilə Çin Türkiyənin öz maraqları doğrultusunda müstəqil seçim etməsini məhdudlaşdırmağa çalışırlar:
“Hər bir güc mərkəzi Ankaranın öz siyasi və strateji maraqlarına uyğun mövqe tutmasında maraqlıdır. Bu baxımdan, Türkiyəyə qarşı həyata keçirilən müxtəlif təxribatların səbəblərindən biri də ölkənin müstəqil güc mərkəzinə çevrilməsi prosesinə mane olmaq cəhdi ola bilər. Türkiyənin müstəqil şəkildə güclənməsi və öz siyasi xəttini müəyyənləşdirməsi regional və qlobal münasibətlərdə yeni reallıqlar yaradır. Eyni zamanda, Türkiyənin digər türk dövlətləri ilə əməkdaşlığını gücləndirməsi və birlikdə böyük bir güc mərkəzinə çevrilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi xüsusi rol oynayır. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, alyans daxilində də müxtəlif məsələlər üzrə fikir ayrılıqları mövcuddur. Buna görə də Türkiyənin hər hansı mövcud güc mərkəzinin tam təsiri altına düşməsi deyil, müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilməsi daha geniş regional və qlobal nəticələrə səbəb ola bilər”.
F.Ələkbərli qeyd edib ki, Türkiyəyə qarşı müxtəlif təxribatların məqsədlərindən biri də ölkənin və bütövlükdə türk dövlətlərinin beynəlxalq sistemdə daha böyük gücə çevrilməsinin qarşısını almaqdır:
“Lakin müxtəlif maneələrə baxmayaraq, dünyada yeni güc mərkəzlərinin formalaşması prosesi artıq gedir. Türkiyə bu prosesdə əsas aktorlardan biri olmaqla yanaşı, digər türk dövlətləri ilə əməkdaşlığını da genişləndirir. Bu prosesin müxtəlif təxribatlarla müəyyən müddətə zəiflədilməsi mümkün olsa da, uzunmüddətli perspektivdə türk dövlətlərinin regional və qlobal təsir imkanlarının artmasının qarşısını almaq çətin olacaq”.
Ləman İmran
Globalinfo.az