Rusiyanın Saratov vilayətinin Engels şəhəri yaxınlığında Rusiya Aerokosmik Qüvvələrinin general-mayoru Nikolay Varpaxoviçə sui-qəsd edildiyi barədə məlumat yayılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Kremlə yaxın “Baza” teleqram kanalının yazdığına görə, səhər saatlarında naməlum şəxs motosikletlə Engels şəhərinin kənarındakı “Probuçdeniye” qəsəbəsində hərbçinin yaşadığı fərdi evə yaxınlaşıb.

Məlumata görə, motosiklet dəbilqəsi taxan şəxs generalı görən kimi atəş açıb.

“Hərbçi iki güllə yarası alıb. Onun sürücüsü də güllə yarası ilə xəsarət alıb”, – kanal yazıb.

“Baza” generalın ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Rusiyanın “Dosye şpiona” teleqram kanalı isə sui-qəsdə məruz qalan şəxsin Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiyasının 22-ci ağır bombardmançı aviasiya diviziyasının komandiri, general-mayor Nikolay Nikolayeviç Varpaxoviç olduğunu iddia edib.

Kanalın məlumatına görə, general baş və qarın nahiyəsindən iki güllə yarası alıb və hazırda vəziyyəti kritikdir. Atəş açan şəxsin axtarışının davam etdiyi bildirilir.

Qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Baş Prokurorluğu avqustun 31-də Varpaxoviç barəsində qiyabi şübhə elan edib. Buna səbəb 2024-cü ilin iyulunda Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına endirilən raket zərbəsi olub.

Ukrayna istintaqının məlumatına görə, xəstəxanaya “Kh-101” qanadlı raketinin buraxılmasında Varpaxoviçin tabeliyində olan uzaqmənzilli aviasiya bölmələri iştirak edib. Raketin “Tu-95MS” bombardmançı-raketdaşıyıcısından buraxıldığı bildirilir.

Rusiya generallarına qarşı son dövrdə baş verdiyi bildirilən hücumlar diqqət çəkir.

Avqustun əvvəlində Moskvanın elit restoranlarından birində partlayış baş verdiyi barədə məlumat yayılmışdı. Rusiya və Ukrayna mediasında hadisənin Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykoya qarşı mümkün sui-qəsd cəhdi ola biləcəyi bildirilmişdi.

Çayko partlayışdan sağ çıxıb, lakin onun ailə üzvlərinin öldüyü və yaralandığı barədə məlumatlar yayılıb.

Paylaş: