Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının mülki aviasiya üçün təhlükəli olduğu barədə xəbərdarlığı müharibənin gedişatı ilə bağlı suallar doğurub. Analitiklərin fikrincə, bu açıqlama ilk baxışda sadəcə təhlükəsizlik xəbərdarlığı kimi görünsə də, belə bir bəyanatın mümkün nəticələri daha geniş ola bilər.
Əgər bu xəbərdarlıq beynəlxalq aviasiya qurumları, ayrı-ayrı dövlətlər və hava yolları tərəfindən ciddi şəkildə nəzərə alınarsa, Rusiyanın hava məkanından istifadəyə yanaşma dəyişə, bəzi marşrutlar yenidən nəzərdən keçirilə və Moskva üzərində əlavə siyasi və iqtisadi təzyiq yarana bilər.
Zelenskinin bu xəbərdarlığı real praktik dəyişikliklərə gətirib çıxara biləcək qədər təsirli olacaqmı, yoxsa əsasən siyasi mesaj olaraq qalacaq?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın son günlərdə Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı raket zərbələri, əsasən bu ölkənin enerji infrastrukturu və mülki obyektlərini hədəf alır:
“Bu isə Ukraynada kritik vəziyyətin yaranmasına səbəb ola bilər. Cavab olaraq Ukrayna tərəfi də Rusiyaya qarşı dron hücumlarını genişləndirir. Hətta Volodimir Zelenskinin Rusiyanın hava məkanından istifadə ilə bağlı təhlükəsizlik risklərinə diqqət çəkməsi mülki aviasiya üçün təhlükə olduğu barədə mesaj kimi qiymətləndirilə bilər. Çünki Rusiya ərazisində mülki aviasiyanın fəaliyyət göstərməsi Ukrayna tərəfindən həyata keçirilən dron hücumları fonunda əlavə risklər yaradır.
Zelenskinin mesajlarının digər tərəfi isə ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır, mülki və iqtisadi infrastruktura da ciddi təsir göstərir. Ukrayna rəhbərliyi bunun əsas səbəbinin Rusiyanın enerji və digər mühüm infrastrukturlara zərbələri olduğunu vurğulayır.

Məhəmməd Əsədullazadə
Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsi getdikcə daha mürəkkəb və böhranlı mərhələyə daxil olur. Ukraynanın Rusiyanın enerji infrastrukturu, logistika və nəqliyyat sistemlərinə qarşı hücumlarının genişlənməsi Rusiya iqtisadiyyatına əlavə təzyiq yarada bilər. Bu, xüsusilə sərnişin daşımaları, aviasiya və digər iqtisadi sahələrdə maliyyə itkilərinin artmasına səbəb ola bilər.
Bir növ, Volodimir Zelenskinin strategiyası yalnız Rusiyanın hərbi imkanlarını zəiflətməyə deyil, həm də onun iqtisadi resurslarına təzyiq göstərməyə yönəlmiş görünür. Ukrayna isə Rusiyanın zərbələrinə cavab olaraq öz ərazisindən kənarda hərbi və strateji hədəflərə qarşı zərbələrin miqyasını artırmağa çalışır.
Hesab edirəm ki, bu hücumların əsas məqsədlərindən biri Rusiyanın müharibənin iqtisadi və hərbi yükünü daha çox hiss etməsinə nail olmaq və Moskvanı danışıqlar prosesində daha ciddi kompromislərə məcbur etməkdir. Lakin prosesin beynəlxalq hüquqi və humanitar nəticələri də ciddi şəkildə nəzərə alınmalıdır”.
Turan Rzayev
Globalinfo.az