Dünyanın ən varlı 10 insanının yeni siyahısı açıqlanıb. Siyahıda yer alan milyarderlərin 9-u ABŞ, yalnız biri isə İspaniya vətəndaşıdır.
Maraqlıdır, neftlə zəngin müsəlman ölkələrində çox sayda varlı insan olduğu halda, niyə siyahıda türk və ya müsəlman milyarder yoxdur? Bu, həmin şəxslərin sərvətinin daha az olması ilə bağlıdır, yoxsa başqa səbəblər var?
Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, burda əsas səbəb sərvətin hansı sahələrdə yaradılması, şirkətlərin bazar dəyəri və kapitalın şəffaf şəkildə qiymətləndirilə bilməsidir:
“Digər səbəb odur ki, ölkənin zəngin olması ilə onun vətəndaşının şəxsi sərvəti eyni şey deyil. Məsələn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi ölkələrdə neft-qazdan böyük gəlirlər əldə olunur. Lakin bu sərvətin əhəmiyyətli hissəsi dövlət fondlarının, dövlət şirkətlərinin və kral ailələri ilə əlaqəli müxtəlif strukturların nəzarətindədir. Yəni ölkənin yüz milyardlarla dollarlıq sərvəti avtomatik olaraq bir şəxsin sərvətinə çevrilmir. Başqa mühüm məsələ ABŞ-da şirkət kapitalının nəhəng miqyasda olmasıdır. Hazırkı ilk onluqdakı şəxslərin demək olar hamısının sərvətinin əsas mənbəyi texnologiya şirkətlərindəki səhmlərdir. O şəxslərin varidatı şirkətlərinin səhmlərinin bazar dəyəri artdıqca sürətlə böyüyür”.

Eşqin Nuruşov
Ekspert bildirib ki, neft ölkələrində vəziyyət tamamilə fərqlidir:
“Dövlətin sahib olduğu neft şirkətinin dəyəri ilə həmin ölkənin biznesmeninin şəxsi sərvətini eyniləşdirmək olmaz. Məsələn, nəhəng enerji şirkətinin dövlətə məxsus olması həmin şirkətin bütün dəyərinin prezidentin, kralın və ya başqa birinin şəxsi varidatı kimi hesablanması demək deyil. Müsəlman ölkələrində səbəb qlobal miqyasda ABŞ texnologiya şirkətləri səviyyəsində nəhəng özəl şirkətlərin sayının az olmasıdır. Dünyanın ən böyük şəxsi sərvətlərinin əksər hissəsi son illərdə neftdən yox, texnologiya, süni intellekt, e-ticarət, proqram təminatı və maliyyə bazarlarından formalaşır. Bu, o demək deyil ki, müsəlman və ya türk milyarderlər yoxdur. Əksinə, kifayət qədər varlı iş adamları mövcuddur. Sadəcə onların sərvəti ilk 10-luğa düşəcək həddə deyil. Məsələn, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və digər ölkələrdə milyardlarla dollarlıq sərvətə sahib şəxslər var, amma sərvətləri ABŞ-dakı texnologiya milyarderlərinin yüz milyardlarla dollarlıq varidatı ilə müqayisədə daha aşağıdır”.
E.Nuruşov qeyd edib ki, “Forbes” siyahısı insanların dini mənsubiyyətinə görə deyil, sərvətinə əsasən hazırlanır:
“Ona görə də siyahıda müsəlman şəxsin olmaması “müsəlmanlar arasında kifayət qədər zəngin insan yoxdur” anlamına gəlmir. Sadəcə onların hesablanan şəxsi sərvəti həmin həddə çatmır və böyük hissəsi fərdi deyil, ailəvi, dövlət yaxud mürəkkəb korporativ strukturlarda yerləşir. Yəni bu sərvət bir şəxsin adına yazılmır. ABŞ-da isə qlobal şirkət yaradan sahibkar həmin şirkətin səhmləri hesabına yüz milyardlarla dollarlıq şəxsi sərvət formalaşdıra bilir”.
Ləman İmran
Globalinfo.az