Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la Ankaranın “F-35” qırıcılarının istehsalı proqramına yenidən qaytarılması ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyənin “F-35” proqramına yenidən daxil olması ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, Ankara daha əvvəl “F-35” layihəsinin tərəfdaşlarından biri olub və proqramın həyata keçirilməsinə əhəmiyyətli töhfə verib.
O, eyni zamanda vurğulayıb ki, ABŞ-la “F-35” məsələsində aparılan danışıqlar Türkiyənin milli müdafiə layihələrindən imtina etməsi anlamına gəlmir.
Ərdoğanın sözlərinə görə, Türkiyə özünün beşinci nəsil “KAAN” qırıcısının və milli hava hücumundan müdafiə sistemlərinin hazırlanmasını davam etdirəcək.
“Biz öz hava hücumundan müdafiə sistemlərimizi inkişaf etdirməkdən boyun qaçırmırıq. Əksinə, Türkiyə üçün seçim imkanlarını genişləndiririk. Güclü Türkiyə məhz budur”, – deyə Ərdoğan vurğulayıb.
Əliyar Xəlil