Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi istiqamətində yeni addım atılıb. TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb və Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Yeni əməkhaqqı qaydaları sentyabrın 1-dən qüvvəyə minib və 72 mindən çox tibb işçisini əhatə edir. Bununla yanaşı, TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Bəs bu artım tibb işçilərinin sosial rifahına və səhiyyə sistemində əmək motivasiyasına necə təsir göstərəcək? Yeni əməkhaqqı mexanizmi səhiyyə sahəsində insan kapitalının gücləndirilməsi baxımından hansı nəticələri verə bilər?
Globalinfo.az-a danışan Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, ödənişlər ixtisas, iş yükü, fəaliyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla diferensiallaşdırılır:
“Bir həkim və Milli Məclisin Səhiyyə komitəsinin üzvü olaraq bu təşəbbüsü böyük məmnunluqla qarşılayıram. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması və əməyinin daha yüksək qiymətləndirilməsi ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsə müsbət münasibət bildirərək icrası üçün müvafiq tapşırıq verməsi dövlətimizin tibb ictimaiyyətinə göstərdiyi diqqət və qayğının çox mühüm ifadəsidir. Həkimlik elə bir peşədir ki, burada insanın üzərinə yalnız peşə məsuliyyəti deyil, həm də böyük mənəvi məsuliyyət düşür. Həkim, tibb bacısı və digər tibb işçiləri insan sağlamlığının, bəzən isə birbaşa insan həyatının məsuliyyətini daşıyırlar. Buna görə onların əməyinin layiqincə qiymətləndirilməsi həm sosial ədalət, həm də güclü səhiyyə sisteminin qurulması baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, yeni əməkhaqqı islahatının 72 mindən artıq tibb işçisini əhatə etməsi və TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması kifayət qədər böyük sosial və iqtisadi miqyasa malik qərardır:
“Bu, minlərlə ailənin rifahına birbaşa təsir etməklə yanaşı, dövlətin tibb işçisinin əməyinə verdiyi dəyərin konkret maddi ifadəsidir. Hesab edirəm ki, əməkhaqqının artırılmasının ilk mühüm nəticələrindən biri tibb işçilərinin sosial təminatının və peşə motivasiyasının yüksəlməsi olacaq. İnsan öz əməyinin qiymətləndirildiyini hiss etdikdə onun işinə münasibəti, peşəsinə bağlılığı və məsuliyyəti də artır. Tibb sahəsində isə bunun xüsusi əhəmiyyəti var. Çünki motivasiyalı və sosial baxımdan daha təminatlı tibb işçisi öz bilik və bacarıqlarını pasiyentə daha keyfiyyətli xidmət göstərməyə yönəltmək üçün daha əlverişli imkan əldə edir”.
M.Məmmədli qeyd edib ki, ikinci mühüm məsələ insan kapitalıdır:
“Müasir səhiyyənin gücü yalnız xəstəxanaların sayı, yeni binalar və bahalı tibbi avadanlıqlarla ölçülmür. Ən müasir avadanlığın arxasında onu idarə edən peşəkar həkim, tibb bacısı və digər mütəxəssis dayanmalıdır. Ona görə də səhiyyəyə ayrılan vəsaitin insan kapitalına yönəldilməsi əslində sistemin gələcəyinə qoyulan sərmayədir. Yeni əməkhaqqı mexanizminin mühüm üstünlüklərindən biri də diferensial yanaşmanın tətbiq edilməsidir.
Müşfiq Məmmədli
Əməkhaqqının vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla müəyyənləşdirilməsi daha ədalətli və stimullaşdırıcı əmək modeli formalaşdırmağa imkan verir. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda çatışmazlığı olan ixtisasların daha çox stimullaşdırılması strateji baxımdan əhəmiyyətlidir”.
Müşfiq Məmmədli hesab edir ki, yeni sistemdə maddi stimullaşdırmanın tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə əlaqələndirilməsi də nəzərdə tutulur:
“Bu, səhiyyə sistemində yeni yanaşmanın göstəricisidir: məqsəd sadəcə daha çox xidmət göstərmək deyil, daha keyfiyyətli xidmət göstərmək olmalıdır. Əməkhaqqı artımı gənclər üçün də mühüm mesajdır. Tibb təhsili uzun illər, böyük zəhmət və davamlı peşəkar inkişaf tələb edir. Gənc həkim bilməlidir ki, seçdiyi peşədə onun biliyi, məsuliyyəti və zəhməti layiqincə qiymətləndiriləcək. Bu baxımdan yeni islahat tibb peşəsinin cəlbediciliyinin artırılmasına, istedadlı gənclərin səhiyyə sisteminə gəlməsinə və ixtisaslı kadrların dövlət tibb müəssisələrində saxlanılmasına da müsbət təsir göstərə bilər. Eyni zamanda hesab edirəm ki, bu islahat davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera imkanları, regionlarda çalışan həkimlər üçün əlavə sosial stimullar və müasir iş şəraitinin yaradılması ilə tamamlandıqca onun nəticələri daha böyük olacaq”.
Deputat əlavə edib ki, son nəticədə bu islahatın əsas benefisiarı yalnız tibb işçisi deyil, Azərbaycan vətəndaşı olacaq:
“Çünki sosial rifahı yüksələn, əməyinin qiymətləndirildiyini görən, peşəkar inkişaf imkanları əldə edən və nəticəyə görə stimullaşdırılan tibb işçisi daha güclü səhiyyə sisteminin əsasını təşkil edir. Bu səbəbdən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünü təkcə əməkhaqqı artımı kimi deyil, səhiyyə sistemində insan kapitalına verilən yüksək dəyərin və uzunmüddətli dövlət yanaşmasının ifadəsi kimi qiymətləndirirəm. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləməsi isə tibb işçilərinin sosial rifahının və səhiyyənin inkişafının dövlət siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Düşünürəm ki, bu qərarın üç əsas nəticəsini gələcəkdə daha aydın görəcəyik: daha məmnun və motivasiyalı tibb işçisi, daha güclü və peşəkar insan kapitalı, daha keyfiyyətli və pasiyentyönümlü səhiyyə xidməti. Dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tibb ictimaiyyətinə göstərilən bu yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.
Zaira Akifqızı
Globalinfo.az