Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ixtisas seçmək hüququ olan abituriyent ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməli və ərizəsini təsdiqləməlidir. Bu gün saat 11:00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 16 min 652 elektron ərizə təqdim edilib.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi balı ən azı 50, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı isə ən azı 10 olmalıdır. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.
Orta ixtisas təhsili müəssisələrində qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Jurnalların elektron versiyalarını (PDF formatında) www.abiturient.az saytından əldə etmək mümkündür.