ABŞ ordusunda İranla bağlı hərbi əməliyyatların davam etdirilməsi məsələsində fikir ayrılığı yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın yüksək rütbəli dörd generalı Yaxın Şərqdə hərbi qüvvə və resursların daha uzun müddət saxlanılmasına qarşı çıxıb. ABŞ-ın Avropa, Hind-Sakit okean və Cənub komandanlıqlarının rəhbərləri, eləcə də Hərbi Dəniz Qüvvələrinin komandanı müdafiə naziri Pit Heqsetə bildiriblər ki, İranla bağlı genişmiqyaslı hərbi kampaniyanın uzadılması ABŞ üçün getdikcə daha böyük risklər yaradır.
Generalların fikrincə, Yaxın Şərqdə qüvvələrin uzun müddət cəmləşdirilməsi ABŞ-ın digər strateji bölgələrdə yaranan təhdidlərə operativ reaksiya vermək imkanlarını zəiflədir və ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərir.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisinin yerləşdiyi bildirilir. Müdafiə naziri bəzi bölmələrin sentyabrın sonunadək, digərlərinin isə 2027-ci ilə qədər bölgədə saxlanılmasına qərar verib.
Hərbi rəhbərlik ABŞ-ın silah-sursat ehtiyatlarının da ciddi şəkildə azaldığını qeyd edib. Bildirilir ki, “Patriot” zenit-raket sistemləri, THAAD kompleksləri və “Tomahawk” qanadlı raketlərinin ehtiyatları kritik həddə çatıb.
Bundan əlavə, döyüş əməliyyatları zamanı ABŞ-ın MQ-9 “Reaper” kəşfiyyat-zərbə dronları parkının təxminən 25 faizini itirdiyi iddia olunur.
Məlumata görə, komandanların etirazlarının yer aldığı məxfi sənədin mediaya sızması Pentaqonda narazılıq yaradıb. Pentaqonun nümayəndəsi Şon Parnell sənədin yayılmasını sərt şəkildə tənqid edib:
“Nazirin əmr sənədlərindən tam məxfi qiymətləndirmələrin yayımlanması cinayətdir. Bu, silahlı qüvvələrə xəyanətdir.”
Parnell generalların müdafiə naziri ilə fikir ayrılığı yaşadığını isə təkzib etməyib. O bildirib ki, belə fikir ayrılıqları orduda normal prosedurdur və Heqset mütəmadi olaraq bu cür rəylərlə tanış olur.
Əliyar Xəlil