Almaniya hökuməti avqustun əvvəlində “Leypsiq Halle” hava limanında aşkarlanan pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra Berlindəki “Rus Evi”nin fəaliyyətinə dair razılaşmanı ləğv etmək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.
Nazirin sözlərinə görə, Leypsiqdə baş verən “hibrid hücuma” görə məsuliyyət Rusiyanın üzərinə düşür.
“Federal hökumət NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə fəaliyyətini sıx şəkildə əlaqələndirir. Almaniya təhlükəsizlik siyasətindəki kursunu qoruyur”, – deyə Vadeful vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə artıq Berlinin qərarına münasibət bildirib. O, Rusiyaya qarşı qəbul edilən bütün qərarlara Moskvanın cavab verəcəyini deyib.
Zaxarova Almaniya hakimiyyətini “Rus Evi”nin fəaliyyətinə son qoymaq üçün bəhanə axtarmaqda ittiham edib. Onun sözlərinə görə, Berlin Ukrayna ətrafındakı münaqişənin daha da qızışdırılmasında iştirak edir.
Əliyar Xəlil