İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi qeyd edib.
Onun sözlərinə görə, İran indiyədək bütün hərbi imkanlarından tam istifadə etmədən, raket və dronlar vasitəsilə öz təhlükəsizliyini təmin edə bilib.
İİKK müşaviri bununla belə, vəziyyətin dəyişə biləcəyinə işarə edib. O bildirib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində hədəflərin vurulmasını nəzərdə tuta bilər.
“İstənilən yerdə və istənilən vaxt, indiyədək istifadə olunmamış imkanlardan yararlanaraq müharibə aparmaq mümkündür. İndiyədək buna ehtiyac olmayıb”, – deyə Nəğdi vurğulayıb.
Tahir Turan
Globalinfo.az