Xəbər verdiyimiz kimi, avqustun 30-dan sentyabrın 1-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi və leysan yağacağı, dağ çaylarında isə sel gözlənilir.
Son günlər, xüsusilə Xəzər hövzəsi ətrafında yay mövsümü üçün xarakterik olmayan hava müşahidə edilir. Mərkəzi Asiya və şimal istiqamətindən gələn hava kütlələrinin Xəzər üzərində qarşılıqlı təsiri də atmosfer proseslərinə təsir edən amillər sırasında göstərilir.
Bəs hazırkı hava şəraitinin kəskin dəyişməsinə hansı meteoroloji proseslər səbəb olub?
Globalinfo.az-a danışan ekoloq Sadiq Həsənov deyib ki, havaların kəskin dəyişməsinin bir neçə səbəbi var:
“Səbəblərdən biri budur ki, təxminən bir-iki aya yaxın müddətdə Azərbaycanın bölgələrində, o cümlədən Bakıda quraqlıq müşahidə olunub. Bəzən külək əssə də, ümumilikdə temperatur yüksək olub. Bu da yay aylarında temperaturun artmasına və buxarlanmanın səviyyəsinin əvvəlki illərlə müqayisədə təxminən iki dəfə yüksəlməsinə səbəb olub. Nəticədə atmosferin yüksək qatlarında müəyyən qədər rütubət və buludluq təbəqəsi formalaşıb. Bu proses sonradan yağıntıların yaranmasına və havanın kəskin dəyişməsinə şərait yaradıb”.
Ekoloqun sözlərinə görə, hazırda ölkəmizə daxil olan hava siklonları Atlantik okeanından gələn mülayim şimal siklonlarıdır:
“Bu siklonlar Azov dənizi üzərində formalaşaraq Avropaya, oradan isə Azərbaycana istiqamətlənir. Hava şəraitinin dəyişməsinin digər səbəblərindən biri də məhz həmin siklonların ölkəmizə daxil olmasıdır.
Atlantik okeanından gələn bu siklonlar, əsasən, mülayim və yağışlı hava şəraiti gətirir. Eyni zamanda, cənub istiqamətindən – Atlantik okeanı və Aralıq dənizi üzərindən gələn hava kütlələri ilə şimal siklonlarının toqquşması da mülayim hava şəraitinin formalaşmasına, yağışlı və küləkli havanın ölkəmizə daxil olmasına şərait yaradır”.
Sadiq Həsənovun fikrincə, bu hava şəraiti bir neçə gün davam edəcək:
“Çünki təxminən iki aya yaxın davam edən quraqlıq atmosferdə rütubətin və su buxarının toplanmasına səbəb olub. Artıq tədricən payız fəslinə daxil oluruq və yay aylarında toplanmış isti və rütubətli hava kütlələrinin yağıntı şəklində yer səthinə qayıtması gözlənilən prosesdir. Bu səbəbdən sentyabr ayında havanın tədricən soyuması ilə əlaqədar yağıntılı və dəyişkən hava şəraitinin davam etməsi mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az