moskva 12 900x506 1

Rusiyada yaşayan azərbaycanlıların bir hissəsi Ukrayna müharibəsinin yaratdığı təhlükələr fonunda ciddi narahatlıq içərisindədir. Yeni səfərbərlik ehtimalı, hərbi xidmətə cəlbetmə ilə bağlı yayılan xəbərlər və insanların küçədə saxlanılaraq birbaşa cəbhəyə göndərilməsi barədə məlumatlar Rusiyada yaşayan əcnəbilər arasında təşvişə səbəb olub.

İddialara görə, artıq bəziləri oğlanlarını və digər ailə üzvlərini, o cümlədən, maddi vəsaitlərini bu ölkədən çıxarmağa başlayıblar. Həmin şəxslərin pullarını daha təhlükəsiz ölkələrə yatırmağa çalışdıqları bildirilir.

Bəs Rusiyada yaşayan azərbaycanlıları əsasən nə narahat edir? Yeni səfərbərlik ehtimalı nə qədər realdır və insanların həm ailələrini, həm də pullarını Rusiyadan çıxarmağa başlaması ölkənin gələcəyi barədə nə deyir? Bunlar həm də Prezident Vladimir Putinin aqibətinə inamsızlıqdan, Rusiyanın gələcəyinin qaranlıq görünməsindən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Rusiyada yaşayan azərbaycanlı ailələrin övladlarını ölkədən çıxarmağa çalışması yalnız yeni səfərbərliyin rəsmi elan olunması ehtimalı ilə bağlı deyil, bu, dövlətin istənilən anda qaydaları dəyişə biləcəyinə dair qorxunun nəticəsidir:

“Son dövrdə kişilərin küçələrdə saxlanılaraq hərbi komissarlıqlara aparılması və müqavilə imzalamağa məcbur edilməsi barədə xəbərlər yayılır. Lakin bunları bütün ölkə üzrə rəsmiləşmiş kütləvi səfərbərlik kimi təqdim etmək hələ tezdir. Bununla belə, 2022-ci ildə verilmiş qismən səfərbərlik fərmanı hüquqi baxımdan tam bağlanmadığından, xüsusilə Rusiya vətəndaşlığı almış digər millətlərin nümayəndələri özlərini risk altında hiss edirlər. Məcburi müqavilə hallarına dair məlumatlar⁠ bu narahatlığı daha da gücləndirir. İnsanlar özlərinə aid hesab etmədikləri müharibədə ölmək istəmədikləri üçün ailələrini əvvəlcədən qorumağa çalışırlar.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Pulların Rusiyadan çıxarılması isə daha geniş və siyasi məna daşıyır: bu, rublun, bank sisteminin, mülkiyyət təhlükəsizliyinin və ümumilikdə dövlətin gələcəyinə etimadın zəiflədiyini göstərir. Avqustun ilk iki həftəsində Rusiya banklarından milyardlarla dollar həcmində vəsait çıxarılması barədə yayılan məlumatlar da qorxunun təkcə diasporla məhdudlaşmadığı mənasına gəlir. Ancaq bunu Putinin yaxın zamanda hakimiyyətdən gedəcəyinə dair qəti inam kimi deyil, mümkün sanksiyalar, kapital məhdudiyyətləri, yeni səfərbərlik və hakimiyyət daxilində gözlənilməz dəyişikliklər qarşısında sığortalanma cəhdi kimi qiymətləndirmək daha düzgündür. İnsan və kapitalın eyni vaxtda ölkədən uzaqlaşması Putinin dərhal süqutundan daha çox, onun qurduğu sistemin uzunmüddətli dayanıqlılığına inamın aşınmasından xəbər verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: