Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammitində 17 dövlətin lideri iştirak edəcək. İştirakçılar arasında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da var.

2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT hazırda 10 tamhüquqlu üzv dövləti birləşdirir. Təşkilatın əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-nin təxminən 23,1 faizinə bərabərdir.

Bəs ŞƏT-in Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Bakı bu təşkilatla əməkdaşlıqdan hansı nəticələri gözləyir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, ŞƏT qlobal miqyasda aparıcı qurumlardan biridir:

“Təşkilatın üzv, müşahidəçi və tərəfdaş ölkələrinin sayı, həmçinin əhatə etdiyi geniş coğrafiya ŞƏT-in beynəlxalq sistemdə əhəmiyyətli mövqeyə malik olduğunu göstərir.

Hazırda təşkilatda 10 dövlət üzv, 2 dövlət müşahidəçi, 15 dövlət isə tərəfdaş kimi təmsil olunur. Bu rəqəmlər ondan xəbər verir ki, təşkilat böyük coğrafiyanı və əhali sayını əhatə edən bir qurumdur. Eyni zamanda, dünya iqtisadiyyatının təxminən 24 faizi ŞƏT-ə üzv olan ölkələrin payına düşür. Bu da təxminən 25 trilyon dollarlıq ÜDM deməkdir.

vuqar bayramov 1 900x506 1
Vüqar Bayramov

Azərbaycanın bu təşkilatla tərəfdaşlığı, o cümlədən təxminən 25 trilyon dollarlıq iqtisadiyyata malik qurumla əməkdaşlıq kimi xarakterizə oluna bilər. Eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsində ŞƏT-də təmsil olunan 4 ölkənin payı var. Bu da onu göstərir ki, Azərbaycanın ŞƏT-ə üzv olan ölkələrlə dərin iqtisadi əlaqələri mövcuddur.

Cənab Prezidentin zirvə görüşündə iştirak etməsi ölkəmizin təşkilata üzv olan ölkələrlə iqtisadi əlaqələrini daha da gücləndirəcək. Bu, təşkilatın 25 illiyinə həsr olunmuş mühüm tədbirdir. Zirvə görüşündə kifayət qədər çox lider iştirak edəcək. Bu baxımdan, keçiriləcək görüşlər və müzakirələr ölkəmizin əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının genişləndirilməsi baxımından bu görüşlər yeni fürsətlər deməkdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: