ChatGPT Image Aug 29 2026 05 46 15 PM

Suriya Prezidenti Əhməd Əl Şaraa ləğv edilmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdini özünə müşavir təyin edib.

Abdinin avqustun 25-i Suriya Demokratik Qüvvələrinin (SDQ) buraxıldığını və kürd qüvvələrinin ordu sıralarına tam inteqrasiya olunduğunu elan etməsindən sonra bu təyinat müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, bu təyinatı sadəcə “Məzlum Abdi vəzifə aldı” kimi qiymətləndirmək düzgün olmaz:

“Burada daha böyük siyasi proses gedir. Dəməşq uzun illər Suriyanın şimal-şərqində faktiki muxtar siyasi-hərbi sistem yaratmış kürd strukturunu öz dövlət mexanizminə inteqrasiya edir.

25 avqustda SDQ-nin müstəqil hərbi qüvvə kimi fəaliyyətinə son qoyuldu və onun döyüşçülərinin Suriya ordusuna inteqrasiyası elan edildi. Bununla da ABŞ-ın İŞİD-ə qarşı mübarizədə əsas tərəfdaşı olmuş və bir vaxtlar Suriyanın təxminən dörddə birinə nəzarət edən struktur öz əvvəlki statusunu itirdi.

Amma maraqlı məqam məhz bundan sonra başlayır: Abdi sıradan çıxarılmır. Şaranın qarşısında iki seçim vardı: Məzlum Abdini siyasi rəqib kimi kənarlaşdırmaq və kürd bölgəsində yeni qarşıdurma yaratmaq, yaxud onun nüfuzundan istifadə etməklə kürd toplumunun yeni Suriya dövlətinə inteqrasiyasını sürətləndirmək. Suriya prezidenti ikinci variantı seçir. Bu baxımdan Abdinin prezident müşaviri təyin olunması “məğlub edilmiş tərəfin mükafatlandırılması” yox, keçmiş rəqibin dövlət sisteminə siyasi inteqrasiyasıdır. Bu, həm də Şaranın kürdlərə mesajıdır: “Sizin siyasi və milli kimliyiniz yeni Suriyada tamamilə yox olmayacaq, amma ayrıca silahlı-siyasi hakimiyyət də olmayacaq”.

Burada Türkiyənin marağı xüsusilə böyükdür, proses Ankara üçün də əhəmiyyətlidir. Ankara haqlı olaraq SDQ-ni PKK-nın qolu hesab edir və onun Suriya-Türkiyə sərhədində ayrıca silahlı struktur kimi qalmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirdi. SDQ-nin buraxılması və Suriya ordusuna inteqrasiyası Ankaranın əsas tələblərindən birinə uyğun gəlir.

Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik də SDQ-nin buraxılmasını Suriya daxilində birliyin möhkəmləndirilməsi baxımından mühüm addım adlandırıb. Deməli, burada Ankara–Dəməşq xəttinin də gücləndiyini görürük”.

vuqar ziferoglu esas
Vüqar Zifəroğlu

Ekspert bildirib ki, Vaşinqton üçün məsələ daha mürəkkəbdir:

ABŞ uzun illər SDQ-ni İŞİD-lə mübarizədə əsas yerli tərəfdaş kimi istifadə edib. İndi isə həmin strukturun müstəqil hərbi qüvvə kimi buraxılması ABŞ-ın əvvəlki modelinin başa çatması deməkdir.

Lakin Vaşinqton tamamilə oyundan çıxmır. Əksinə, ABŞ-ın marağı SDQ-nin Dəməşqə inteqrasiyasının zorakı deyil, siyasi və institusional şəkildə həyata keçirilməsidir. Bu baxımdan Abdi kimi fiqurun Dəməşqdə qalması ABŞ üçün də müəyyən təminat yarada bilər.

Ən maraqlı məqam: Abdi niyə məhz müşavir olur? Mən bunu üç istiqamətdə izah edərdim.

Birincisi, kürdlərlə dialoq. Abdi şimal-şərqi Suriyanın kürd siyasi və hərbi strukturları arasında böyük nüfuza malikdir. Onun Dəməşqdə olması inteqrasiyanın sosial legitimliyini artırır.

İkincisi, təhlükəsizlik. SDQ-nin minlərlə silahlısının Suriya ordusuna inteqrasiyası sadəcə texniki proses deyil. Komandanlıq, silahlar, sərhəd təhlükəsizliyi, neft yataqları, həbsxanalar və yerli təhlükəsizlik strukturları kimi çox ciddi məsələlər var.

Üçüncüsü, siyasi balans. Şara göstərir ki, yeni Suriya yalnız keçmiş islamçı müxalifətin hakimiyyəti deyil. Kürdlər, keçmiş müxalifət qüvvələri və digər qruplar da yeni dövlət strukturunda yer ala bilər. Bu, Şaranın beynəlxalq legitimliyini də artırır.

Lakin proses hələ başa çatmayıb. Burada ehtiyatlı olmaq lazımdır. SDQ-nin buraxılması ilə kürd məsələsi həll olunmuş hesab edilə bilməz. Əsas suallar indi başlayır: Kürdlərin bölücüluk tələbləri bitəcəkmi? Keçmiş SDQ döyüşçülərinin Suriya ordusunda hansı rütbə və komandanlıq sisteminə daxil ediləcəyi necə müəyyənləşəcək? Qadın döyüşçülərin statusu necə olacaq? Türkiyə SDQ-dən keçmiş bütün strukturların PKK-dan ayrıldığını qəbul edəcəkmi? Dəməşq yerli idarəetmədə kürdlərə nə qədər real səlahiyyət verəcək?

Məzlum Abdinin Şaranın müşaviri təyin olunması Suriyada bir dövrün bağlanmasının simvolik hadisəsidir. Bu, Suriyada “paralel hakimiyyətlər” modelindən vahid dövlət modelinə keçidin göstəricisidir.

Lakin bunun uğur qazanması tərəflərin verdikləri vədləri nə qədər real şəkildə yerinə yetirəcəyindən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: