Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın son açıqlamasına cavabı diqqət çəkib. Simonyan cəbhəyə göndərilməmək üçün Rusiyadan Ermənistana qaçan hər kəsə ölənin qapılarının açıq olduğunu bildirmişdi. Zaxarova isə Moskvanın Simonyanın bu açıqlamasını təxribat hesab etdiyini vurğulayıb. XİN rəmisi qeyd edib ki, bu açıqlama Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təhrik edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar qatır.
O, həmçinin rəsmi İrəvan nümayəndələrinin Moskva ilə ikitərəfli əməkdaşlığı pozan açıqlamalarının davam etdiyini söyləyib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyada sentyabr və oktyabr aylarında ölkə ərazisində yeni hərbi səfərbərliyin elan olunacağı ilə bağlı gözləntilər fonunda ölkə vətəndaşlarının, xüsusilə gənclərin, Rusiyanı tərk edərək başqa ölkələrə üz tutduğu bildirilir:
“Onların bir qisminin xüsusilə Ermənistana getməsi diqqət çəkir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə Rusiya vətəndaşlarının ölkədə yüksək səviyyədə qəbul ediləcəyini vurğulayıb.
Göründüyü kimi, bu məsələ Rusiyada artıq ciddi narahatlıq doğurur. Kreml bunu ölkənin daxili işlərinə müdaxilə və gəncləri səfərbərlikdən yayınmağa təşviq edən açıqlama kimi qiymətləndirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması da Ermənistan hakimiyyətinə yönəlmiş ciddi ittiham kimi xarakterizə oluna bilər.

Məhəmməd Əsədullazadə
Rusiya-Ermənistan münasibətləri daha ciddi böhrana doğru gedir. Məhz Alen Simonyanın Rusiya vətəndaşlarının, xüsusilə gənclərin Ermənistanda qəbul ediləcəyini vurğulaması Moskvada İrəvanın Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi siyasətinə qarşı mövqe tutmasının göstəricisi kimi qiymətləndirilir. Əks halda, Rusiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi tərəfindən belə sərt açıqlamanın verilməsi təsadüfi olmazdı.
Təbii ki, Ermənistan-Rusiya əlaqələri son aylarda daha da pisləşir və düşünürəm ki, bundan sonra münasibətlərdə gərginlik daha da artacaq. Proseslər göstərir ki, Ermənistan hakimiyyətinin siyasi kursu Rusiyanı əvvəlki kimi qəbul etmir. Buna görə də Rusiya tərəfindən Ermənistana müxtəlif istiqamətlərdə təzyiqlərin artırılacağı gözləniləndir”.
Turan Rzayev
Globalinfo.az