“Qarabağ”ın UEFA Konfrans Liqasında mübarizəni dayandırmasından sonra baş məşqçi Qurban Qurbanovun istefası gündəmə gətirilib. Bir çoxları isə onun postunda qalmasını zəruri hesab edir.
Bəs Qurbanovun istefa verməsi “Qarabağ” üçün indiki halda nə qədər doğru addım olar?
Globalinfo.az-a danışan idman jurnalisti, “Futbolpress”in baş redaktoru Elçin Cəlilov deyib ki, “Qarabağ” 12 il ardıcıl Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası olmaqla avrokubokların qrup mərhələsində çıxış edir:
“Bu nəticəyə heç postsovet ölkələrində nail olan klub yoxdur. Belə bir klubun bu il avrokubokların əsas mərhələsinə yüksələ bilməməsinin iki səbəbi var: Çempionluğun əldən verilməsi, transfer dönəmində radikal yenidənqurmaya gedilməsi. “Sabah” şəxsi duellərdə “Qarabağ”a məğlub olmadan çempion oldu. Fikrimcə, “atlılar” indidən ölkə çempionatına fokuslanmağı üstün seçdi.
Elçin Cəlilov
Nəzərə alsaq ki, dekabra qədər “Sabah” paralel olaraq çox ağır avrokubok mövsümü keçirəcək, o zaman çempionluq mübarizəsində onu üstələmək ehtimalı artır”.
E.Cəlilovun fikrincə, “Qarabağ” yenidən qayıtmaq üçün “nəfəs dərmək” qərarı verib:
“Bu qədər uğurun isə bir memarı var – Qurban Qurbanov. İnanmıram klub onunla yolları ayırmaq haqda düşünsün. “Qarabağ” uzunvədəli strategiya ilə işləməyi xoşlayan klubdur”.
İdman jurnalisti Tərlan Şahinoğlu isə deyib ki, “Qarabağ” 12 il ardıcıl olaraq avrokuboklarda ölkəmizi yüksək səviyyədə təmsil edib və bir uğursuz mövsümə görə baş məşqçini silmək doğru olmaz:
“Qarabağ”ın UEFA Konfrans Liqasının əsas mərhələsinə qatıla bilməməsinin səbəbini yenilənmiş komandaya bağlayıram.
Tərlan Şahinoğlu
Ötən mövsüm Çempionlar Liqasında pley-off oynayan heyətlə hazırkı komanda əlbəttə ki, eyni deyil. Hazırkı “Qarabağ”da yeni transferlərin kluba və komandaya uyğunlaşması gərəkdir. Zamanla bu kimdəsə alınacaq, kimdəsə yox”.
Tərlan Şahinoğlunun fikrincə, Qurbanov klub rəhbərliyinin dəstəyi ilə yenidən güclü “Qarabağ” yaradacaq:
“Sadəcə vaxt lazımdır. Amma şəxsi istəyimi soruşsanız, əgər xaricdən təklif varsa, Qurbanovun bunu dəyərləndirməsini istərdim. Avropada hansısa ortabab klubda özünü sınaması maraqlı olardı.”
Zaira Akifqızı
Globalinfo.az