ABŞ-ın birinci xanımı Melaniya Tramp uşaqlıq illərindən avtomobillərə və avtoyarışlara xüsusi maraq göstərdiyini bildirib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, 56 yaşlı Melaniya Tramp bu barədə Vaşinqtonda keçirilən “IndyCar Freedom 250” Qran-prisi zamanı “Fox Sports”a verdiyi canlı müsahibədə danışıb.
O bildirib ki, avtomobillərə və sürətə marağını onda atası formalaşdırıb. Onun sözlərinə görə, uşaqlıq illərində atasının “Maserati”, “Cougar”, “Mustang” və “Mercedes” kimi müxtəlif avtomobilləri olub. Məhz atasının sayəsində o, avtomobil dizaynı, mexanika və sürət haqqında məlumat əldə edib.
Melaniya Trampın atası Viktor Knavs Sloveniyada avtomobil sahəsində çalışıb. Onun uşaqlığı da bu ölkədə keçib. Tramp bildirib ki, atası onda yalnız avtomobillərin xarici görünüşünə deyil, onların necə işləməsinə də maraq yaradıb.
Melaniya Tramp tədbir zamanı “Fostering the Future” təşəbbüsündən də danışıb. Proqram himayədar ailələrdə böyüyən gənclərin təhsil almasına dəstək verir. Bu təşəbbüsə yaxın zamanda “IndyCar” və “Fox Corporation” tərəfindən 2 milyon dollar ianə edilib.