“Ermənistanın qaz təminatında Rusiya əsas mənbə olaraq qalır. Ölkəyə Rusiyadan ildə təxminən 2 milyard kubmetr qaz nəql edilir. İranın payına isə təxminən 1 milyard kubmetr düşür”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iqtisad elmləri doktoru Karen Adonts deyib.
“Əsas məsələ Rusiya qazını İran qazı ilə əvəzləmək deyil. Bu istiqamətdə real və uzunmüddətli razılaşmaların əldə olunması daha vacibdir. Qaz məsələsi emosiyaların predmeti deyil. Bu, ciddi iqtisadi və infrastruktur məsələsidir”, – o bildirib.
İqtisadçı həm İranın daxilində və onun ətrafında baş verən proseslərin, həm də Rusiyanın mümkün addımlarının diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb.
Adontsun sözlərinə görə, Azərbaycan və digər istiqamətlərdən alternativ tədarük imkanlarının mövcudluğuna arxalanmaq hələ problemin həlli demək deyil:
“Biz emosional yanaşmadan uzaqlaşmalıyıq. “Qazı Azərbaycandan alarıq” demək məsələnin mahiyyətini həll etmir. Bunlar daha çox emosional mülahizələrdir. Mövcud geosiyasi şəraitdə yalnız bəyanatlara əsaslanan siyasət İrəvan üçün müsbət nəticələr verməyə bilər. Ermənistan Rusiyanın maraqlarını da nəzərə almalıdır. Rusiya böyük iqtisadi və resurs imkanlarına malik dövlətdir. Mümkün risklər sırasında Moskvanın Ermənistan üçün qaz tariflərini artırması və ya qaz tədarükünü tamamilə dayandırması ssenarisi də var. Belə bir vəziyyət Ermənistan üçün ciddi nəticələr yarada bilər və bu risklər indidən nəzərə alınmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az