Türkiyədə “qiymət üçün DM” dövrü bitir. Yeni qanuna əsasən, sosial şəbəkələrdə satış edən səhifələr məhsul və xidmətlərin qiymətini açıq şəkildə göstərməlidir. Qaydaya əməl etməyənlər cərimələnəcək.
Azərbaycanda da analoji problem mövcuddur. Sosial şəbəkələrdəki satış səhifələrində hər hansı məhsulun qiyməti soruşulduqda qiyməti şəxsi mesaj vasitəsilə öyrənməyin mümkün olduğu bildirilir. Bu isə istehlakçılar arasında narazılıq yaradır, qiymət şəffaflığını azaldır və məhsulların müqayisəsini çətinləşdirir.
Türkiyədə tətbiq edilən qanunun Azərbaycanda da tətbiqi mümkündürmü?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Türkiyənin bu qərarına Azərbaycanda avtomatik şəkildə eyni formada yanaşmaq düzgün olmaz:
“Çünki əvvəlcə problemi düzgün müəyyənləşdirmək lazımdır. “Qiymət üçün DM” yazan hər səhifəni satıcı qiyməti qəsdən gizlədir və insanları aldadır kimi dəyərləndirmək olmaz. Bəzən bunun çox sadə səbəbi var. Satıcı istəyir ki, paylaşımın altında insanlar şərh yazsın, səhifədə aktivlik artsın, paylaşım daha çox insana çatsın. Sosial şəbəkələrin alqoritmləri də müəyyən mənada bu aktivliyi nəzərə alır. Yəni burada həm satış, həm də reklam mexanizmi var. Digər tərəfdən, Azərbaycanda sosial şəbəkələr üzərindən satış edərək dolanmağa çalışan kifayət qədər insan var. Kiminsə kiçik biznes qurmasına, evindən məhsul satmasına, xidmət göstərməsinə hər məsələdə yeni qadağa və cərimə ilə yanaşmaq düzgün deyil. Hər işıq gələn yerə barmaq soxmaq, hər prosesi dövlət nəzarətinə almaq olmaz”.
Razi Nurullayev
Deputat bildirib ki, istehlakçının aldadılması, saxta qiymət göstərilməsi, bir müştəriyə başqa, digərinə ayrı qiymət deyilməsi kimi hallar varsa, buna qarşı mübarizə aparmaq lazımdır:
“Şəffaflıq da vacibdir. Amma normal fəaliyyət göstərən kiçik sahibkara sırf qiyməti paylaşımda yazmadığına görə böyük cərimə tətbiq etmək məncə artıq və boğucu müdaxiləyə çevrilər. Türkiyənin qərarının müsbət tərəfi odur ki, xüsusilə daşınmaz əmlak və avtomobil kimi böyük məbləğli alışlarda istehlakçı qiyməti əvvəlcədən görür və saxta və ya manipulyativ elanların qarşısını almaq asanlaşır. Amma Azərbaycanda belə bir qayda tətbiq ediləcəksə, məncə, çox dəqiq və məhdud çərçivədə olmalıdır. Əsas hədəf insanları aldadan və bazarı manipulyasiya edənlər olmalıdır. Dövlətin vəzifəsi biznesi boğmaq yox, ədalətli və şəffaf mühit yaratmaqdır”.
Ləman İmran
Globalinfo.az