Maliyyə Nazirliyi 200 milyon manat həcmində yeni dövlət istiqrazlarını hərraca çıxaracaq.

Globalinfo.az-ın xəbərinə görə, Marja.az bildirir ki, kuponlu, ortamüddətli dövlət istiqrazları üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində keçiriləcək. Sifarişlərin qəbulu saat 10:00-dan 11:00-dək davam edəcək.

Emissiyanın ilkin həcmi 200 milyon manat müəyyən edilib. Bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti isə 1 080 gündür.

İstiqrazlar üzrə illik kupon faiz dərəcəsi 7% təşkil edir.

Faiz ödənişləri 6 dəfə həyata keçiriləcək:

• 1 mart 2027-ci il

• 1 sentyabr 2027-ci il

• 1 mart 2028-ci il

• 1 sentyabr 2028-ci il

• 1 mart 2029-cu il

• 1 sentyabr 2029-cu il

İstiqrazların ödəniş tarixi 1 sentyabr 2029-cu ildir.

Emissiya tam həcmdə – 200 milyon manat yerləşdirilərsə, illik 7%-lik kupon dərəcəsi üzrə investorlar üçün bir il ərzində hesablanan faiz məbləği 14 milyon manat təşkil edəcək. Kuponların yarımillik ödənilməsi nəzərə alınarsa, hər ödəniş dövrü üzrə faiz məbləği təxminən 7 milyon manat olacaq.

Üçillik müddət ərzində, emissiyanın tam həcmdə yerləşdirilməsi və digər şərtlərin dəyişməməsi halında, istiqrazlar üzrə ümumi kupon ödənişləri 42 milyon manata çata bilər.

İstiqrazların ISIN kodu AZ0201240014-dür. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emissiyanın həcmi 400 milyon manata qədər artırıla bilər

Hərracın şərtlərində diqqətçəkən məqamlardan biri Maliyyə Nazirliyinin tələb yüksək olduğu halda buraxılışın həcmini artırmaq imkanına malik olmasıdır.

Qaydalara əsasən, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyərsə və formalaşan qiymət emitenti qane edərsə, təklif olunan istiqrazların həcmi 100%-dək artırıla bilər. Bu isə ilkin olaraq 200 milyon manat nəzərdə tutulan yerləşdirmənin nəzəri olaraq 400 milyon manata qədər yüksəldilməsi imkanını yaradır.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlər istiqraz buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul ediləcək.

Bundan başqa, investorların təqdim etdiyi sifarişlərin ümumi həcmi hərraca çıxarılan istiqrazların həcminin 20%-dən aşağı olarsa, Maliyyə Nazirliyi həmin sifarişləri qəbul etməmək hüququna malikdir.

maliyye nazirliyi istiqraz

Paylaş: