ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya gizli səfər etdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri məlumat veriblər.
Bildirilib ki, səfərin məxfilik səviyyəsi o qədər yüksək olub ki, Ağ Evin bir sıra yüksək vəzifəli əməkdaşları Retkliffin Moskvaya səfərindən əvvəlcədən xəbərdar edilməyib. ABŞ hərbi rəhbərliyinin və Trampın yaxın çevrəsindəki bəzi şəxslərin də MKİ direktorunun Kremlə hansı mesajı çatdıracağından xəbəri olmayıb.
Avropadakı rəsmilər səfərin mahiyyəti barədə yalnız Retkliff Moskvadan qayıtdıqdan sonra məlumat əldə etməyə çalışıblar.
Mənbələrin bildirdiyinə əsasən, MKİ direktoru rusiyalı həmkarları ilə görüş zamanı ABŞ-nin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə sadiqliyini vurğulayıb.
Bundan başqa, danışıqlarda Moskva ilə Tehran arasındakı əməkdaşlıq və Rusiya-Ukrayna müharibəsi ilə bağlı təmasların intensivləşdirilməsi məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin daha əvvəl Retkliff ilə Moskvada keçirdiyi görüş barədə danışıb. O, tərəflərin kəşfiyyat orqanlarının fəaliyyət dairəsinə daxil olan bir sıra məsələləri müzakirə etdiyini açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az