ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliffin Rusiyaya səfərini “rutin səfər” adlandırıb. O bildirib ki, Retkliffin Moskvaya səfəri müəyyən nəticə verə bilər. Prezident həmçinin ABŞ-ın Ukraynadakı müharibənin başa çatması üçün intensiv çalışdığını söyləyib.
Ötən gün isə Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Retklifflə görüşmədiyini söyləmiş, ABŞ nümayəndəsinin səfərinin detallarını açıqlamamışdı.
Tramp “rutin səfər” dedikdə nəyi nəzərdə tutur? Retkliff məhz indiki məqamda Moskvaya hansı təkliflərlə getmiş ola bilər?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hazırda gedən proses kəşfiyyat müstəvisində tərəflərin maraqlarını müəyyənləşdirməyə yönəlib:
“Əsas hədəf Ukrayna məsələsi ilə bağlı müəyyən ipuclarının əldə edilməsidir. Çünki indiki məqamda yeni təkliflər paketi, o cümlədən Donbasla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifləri var”.

Əziz Əlibəyli
Ekspert bildirib ki, bununla yanaşı, Putin məhdud təsir miqyasında NATO-ya xəbərdarlıq edib:
“Ola bilsin ki, Retkliff Moskvaya səfəri zamanı taktiki nüvə başlıqlarının tətbiqi ilə bağlı da fikir mübadiləsi aparıb. Ona görə də Tramp bu səfəri “rutin səfər” adlandırır. Çünki prosesin xüsusi nəticə verəcəyi gözlənilmir. Sadəcə, gələcəkdə məsuliyyət daşımamaq üçün səfəri belə təqdim edir”.
Ləman İmran
Globalinfo.az