WhatsApp Image 2024 06 05 at 17.01.32 1

1937 – Stalin repressiyalarının başladığı il. Mikayıl Müşfiq, Əhməd Cavad, Əhməd Rəcəbli və İsmixan Rəhimov kimi onlarla dahi Azərbaycan ziyalısı istintaqa cəlb edildi. Dindirmələr qısa çəkir, onlara işgəncə verilir və etmədikləri əməlləri etiraf edən ifadələrə imza atmağa məcbur edilirdilər.

Azərbaycan ziyalılarına işgəncə verən və repressiyalarda iştirak edən şəxslərdən biri də Ağasəlim Atakişiyev idi.

Ağasəlim İbrahim oğlu Atakişiyev sovet dövlət təhlükəsizlik orqanlarının yüksək rütbəli əməkdaşlarından biri olub. O, Mir Cəfər Bağırovun ən etibarlı kadrlarından biri hesab edilirdi.

Atakişiyev Azərbaycanda minlərlə ziyalının, elm və mədəniyyət xadiminin, dövlət məmurunun “əks-inqilabi fəaliyyət”, “pantürkizm” və “trotskiçilik” ittihamları ilə həbs edilməsində, saxta istintaq işlərinin aparılmasında və ölüm hökmlərinin çıxarılmasında iştirak edib.

Mənbələrdə qeyd olunur ki, onun işgəncəsi altında Mikayıl Müşfiq “etiraf” edib ki, guya kamerada olarkən ucadan mahnı oxuyaraq sovet rejimini və Bağırovu söyüb.
Onun Əhməd Cavadın ölümündə də birbaşa əli olduğu deyilir.

Günün 24 saatı ərzində onun əmri ilə kamerada saxlanılan məhbusların yatmasına, oturmasına və dincəlməsinə icazə verilmirdi. Yuxusuzluqdan hallüsinasiyalar görən və iradəsi tamamilə qırılan ziyalılar sonda qarşılarına qoyulan saxta ittihamları qəbul edən ifadələrə imza atmağa məcbur edilirdilər.

İddialara görə, məhbusların dırnaqlarının altına iynə yeritmək, barmaqlarını qapı arasında sıxmaq və bədənlərində siqaret söndürmək kimi işgəncə üsullarından da istifadə edilirdi.

İfadə vermək istəməyən şəxslər həyat yoldaşlarının və uşaqlarının həbs ediləcəyi, “xalq düşməninin ailəsi” kimi güllələnəcəyi və ya Sibirə sürgün olunacağı ilə təhdid edilirdi.

IMG 2160

Ağasəlim Atakişiyev

Repressiya illərində onun işgəncələrinə məruz qalmış şəxslərin xatirələrinə görə, Ağasəlim Atakişiyev dindirmə zamanı kabinetdə oturub siqaret çəkir, dindirilən şəxsi ağır söyüşlərlə təhqir edir və müstəntiqlərə onu hansı üsulla döyməyi şəxsən diktə edirdi.

1937–1938-ci illərdəki kütləvi cəza tədbirlərində göstərdiyi “fəallıq” onun sovet rəhbərliyinin gözündə sürətlə yüksəlməsinə səbəb oldu. İkinci Dünya müharibəsi illərində NKVD-də müxtəlif rəhbər vəzifələrdə çalışdı və 1945-ci ildə general-mayor rütbəsi aldı.

Stalinin ölümündən və Mir Cəfər Bağırovun həbsindən sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu sosialist qanunvericiliyini kobud şəkildə pozmaqda və günahsız insanlara işgəncə verməkdə təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum etdi. Onun bütün orden və medalları, eləcə də general rütbəsi əlindən alındı.

Ağasəlim Atakişiyev 1970-ci ildə Bakıda rütbəsiz, təqaüdsüz və cəmiyyətdən təcrid olunmuş vəziyyətdə öldü.

Prof.Dr. Zaur Əliyev

Paylaş: