
“Alimlərin araşdırmalarına görə, hazırda kainatda tək olmamalıyıq. Amma qarşıda böyük bir problem var: indiyədək bir dənə də olsun yadplanetli tapa bilməmişik”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Biyosfera Evreni” kanalında bəhs edilib.
Bildirilib ki, yadplanetlilərlə bağlı nə təsdiqlənmiş bir siqnal, nə kosmik gəmi, nə də hər hansı sübut var:
“Bəs bu necə mümkün ola bilər? Çünki təkcə Süd Yolu qalaktikasında yüz milyardlarla ulduz var. Bu ulduzların ətrafında milyardlarla planet dövr edir və alimlər onların milyonlarla dənəsinin həyat üçün əlverişli ola biləcəyini düşünür.
Üstəlik, kainatın yaşı təxminən 13,8 milyard ildir. Yəni əgər bizdən cəmi bir neçə milyon il daha əvvəl yaranıb inkişaf etmiş bir sivilizasiya mövcuddursa, bu günə qədər qalaktikaya yayılmalı idi. Amma ortada heç bir iz yoxdur. Məhz buna görə dünyanın ən böyük elmi müəmmalarından biri ortaya çıxır.
1950-ci ildə Nobel mükafatlı fizik Enriko Fermi nahar zamanı dostlarına 1 sual verdi:
“Hamı haradadır?”
Bu qədər qısa sualın isə 75 ildən çoxdur ki, dəqiq cavabı yoxdur. Bu gün həmin müəmmaya Fermi paradoksu deyilir.
Bəs cavab nə ola bilər?
Birinci ehtimal: biz həqiqətən də kainatda təkik.
Bəlkə də ağıllı həyat kainatda düşündüyümüzdən qat-qat nadirdir. Milyardlarla planet mövcud ola bilər, amma düşünə və inkişaf edə bilən canlılar demək olar ki, heç yoxdur.
İkinci ehtimal isə daha qorxuludur.
Alimlərin “Böyük Filtr” adlandırdığı nəzəriyyəyə görə, hər bir sivilizasiya müəyyən inkişaf mərhələsinə çatdıqda öz məhvinə səbəb ola bilər. Nüvə müharibələri, nəzarətdən çıxan süni intellekt, iqlim fəlakətləri və ya hələ kəşf etmədiyimiz başqa bir təhlükə… Bəlkə də heç bir sivilizasiya bu kritik mərhələni keçə bilmir.
Amma ya bunların heç biri doğru deyilsə?
Ya inkişaf etmiş sivilizasiyalar həqiqətən mövcuddursa və sadəcə səssiz qalmağı seçirlərsə? Məhz burada ən ürküdücü ehtimallardan biri ortaya çıxır:
“Zoopark hipotezi”.
Bu nəzəriyyəyə görə, inkişaf etmiş sivilizasiyalar bizi çoxdan kəşf ediblər. Amma insanlar vəhşi təbiətdəki canlıları uzaqdan müşahidə etdiyi kimi, onlar da bizi sadəcə izləyirlər. İnkişafımıza müdaxilə etmirlər. Nə siqnal göndərirlər, nə də varlıqlarını bizə göstərirlər. Çünki bəlkə də onların fikrincə, hələ buna hazır deyilik. Bu günə qədər bu nəzəriyyələrin heç birini təsdiqləyən qəti sübut yoxdur. Amma eyni zamanda onların heç biri tamamilə təkzib də edilməyib. Bəlkə də ən qorxulu ehtimal kainatda tək olmağımız deyil. Bəlkə də daha qorxulusu odur ki, kimsə bizi çoxdan kəşf edib… və sadəcə izləyir”.
Safura Bənnayeva
Globalinfo.az