sefir gence

Britaniyanın Azərbaycandakı səfirlərinin vəzifələrinin icrasına başlamazdan əvvəl bir müddət Gəncə şəhərində qalmaları ənənəyə çevrilib. İngiltərənin yeni səfəri Dankan Norman mətbuat konfransında deyib ki, Gəncədə bir ailənin evində qalıb, orda Azərbaycan dilini bir az öyrənib.

Xatırladaq ki, əvvəlki səfir Fergus Auld 2022-ci ildə bu addımı atmışdı. Hətta onun “qadan alaram” sözü və Gəncəni sevdiyini bildirməsi gündəm olmuş və səmimi qəbul edilmişdi.

Son illərdə bir neçə britaniyalı diplomat Azərbaycan dilini məhz Gəncədə, yerli ailənin yanında yaşayaraq öyrənib.

Bu isə istər-istəməz sual doğurur: niyə məhz Gəncə? Britaniya diplomatları üçün bu şəhərin hansı özəlliyi var və səfirlərin Azərbaycanı tanımağa Gəncədən başlamasının arxasında hansı səbəblər dayanır?

Globalinfo.az-a danışan, Gəncədən seçilmiş deputat Naqif Həmzəyev bildirib ki, Gəncə Azərbaycanın qədim və ikinci böyük şəhəridir:

“Gəncəlilər fərqli dillərdə bilsələr də, hər zaman Azərbaycan dilində danışmağa üstünlük verirlər. Hətta sovetlər dönəmində də Azərbaycan dili dominant olub. Gəncənin mətbəxi çox məşhurdur, eləcə də zəngindir. Şəhərdən müxtəlif istiqamətlərə gedərək çoxlu istirahət yerlərinə rahat çatmaq mümkündür. Ən əsası isə Gəncədə şəhər kimi bütün lazımı infrastruktur qurulub və aktiv işlək vəziyyətdədir”.

Naqif hemzayev

Naqif Həmzəyev

Deputat deyib ki, Gəncə Bakıdan kənarda, paytaxtın diplomatik mühitindən uzaqda yerli məişəti və dili daha “təbii” formada öyrənmək üçün əlverişli bir yerdir:

“Ölkənin ikinci böyük şəhəri olaraq, həm say etibarı ilə idarə oluna bilən, həm də mədəni cəhətdən zəngin bir mühit cəlbedici olur. Eyni zamanda Gəncədə ingilis dilini və digər xarici dilləri mükəmməl bilən, Azərbaycan dilini də xaricilərə öyrədə biləcək potensialda insanlar, müəllimlər var. Sadaladığım və qeyd etmədiyim çoxlu müsbət səbəblər var ki, hər kəsin diqqətini cəlb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: