WhatsApp Image 2026 08 19 at 14.57.20

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun ABŞ Prezidenti Donald Trampla bağlı açıqlaması müzakirələrə səbəb olub. Hyon bildirib ki, Tramp İrana qarşı müharibədə ABŞ-ı dəstəkləməyə məcbur etmək üçün Cənubi Koreyaya təzyiq göstərir.

Onun sözlərinə görə, Trampın ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin miqyasının azaldılması ilə bağlı qərarı Seula təzyiq göstərmək məqsədi daşıya bilər:

“Vaşinqtonun təzyiq göstərdiyi məsələlərdən biri Cənubi Koreyanın ABŞ-a 350 milyard dollar investisiya yatırmaq öhdəliyidir. Bu öhdəlik ötən il imzalanan ticarət sazişində nəzərdə tutulub, lakin investisiyanın konkret layihələri hələ müəyyənləşdirilməyib”.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, burada məsələ Trampın Cənubi Koreyadan sadəcə İran mövzusunda dəstək istəməsi deyil:

“ABŞ müttəfiqlərlə münasibətində təhlükəsizlik qarşılığında öhdəlik modelini açıq şəkildə sərtləşdirir. Çox zaman ABŞ–Cənubi Koreya ittifaqı Şimali Koreya təhlükəsi üzərində qurulmuş klassik hərbi ittifaq kimi təqdim olunur. Amma Tramp məsələyə başqa cür baxır. Yəni ABŞ Cənubi Koreyanı qoruyursa, Seul bunun əvəzində həm pul ödəməli, həm ABŞ iqtisadiyyatına sərmayə qoymalı, həm də Vaşinqtonun xarici siyasətində yanında dayanmalıdır. İndi isə İran məsələsi bu yanaşmanın növbəti sınağına çevrilib. Cənubi Koreyanın ABŞ-la birgə təlimlərinin azaldılması da bu baxımdan kifayət qədər sərt siqnaldır.

qabil huseynli esas
Qabil Hüseynli

Burada 350 milyard dollarlıq məsələ xüsusilə diqqətçəkəndir. Seul bu sərmayə öhdəliyini qəbul edib, amma konkret layihələr və icra mexanizmi hələ tam müəyyənləşməyib. Vaşinqton isə bunu gözlətmək istəmir. Yəni Trampın mesajı təxminən belədir: “ABŞ-dan strateji təminat istəyirsinizsə, ABŞ-ın strateji və iqtisadi maraqlarına da uyğun davranmalısınız”.

Cənubi Koreya İran müharibəsinə qoşulmaq istəmir. Onun əsas təhlükəsizlik problemi isə İran deyil, Şimali Koreyadır. Ona görə Seulun tərəddüdü müəyyən mənada başadüşüləndir. Amma Trampın hərbi təlimləri azaltmaq qərarı göstərir ki, Vaşinqton artıq bu tərəddüdə sadəcə diplomatik narazılıqla cavab vermir, əldə olan ən vacib strateji rıçaqlardan birini masaya qoyur.

Bu hadisə başqa ölkələr üçün də ciddi mesajdır. ABŞ-la müttəfiqlik əvvəlki kimi yalnız təhlükəsizlik çətiri deyil, həm də siyasi seçimlərə təsir edən bir mexanizmə çevrilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: