fede

Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov ölkədə seçkilərin keçirilməsini tələb edib. Federov bildirib ki, demokratiya Rusiyanın girovu ola bilməz. Ukrayna uzunmüddətli müharibə davam etsə belə, tamhüquqlu demokratik prosesləri bərpa etməyə imkan verəcək qanuni, təhlükəsiz və real mexanizm tapmalıdır.

Federovun ölkədə kifayət qədər dəstəkçisi var. Hətta Ukrayna Prezidenti Voldimir Zelenskinin onu daxildəki qarışıq vəziyyət fonunda vəzifəsindən azad etməsi narazılığa, etiraz aksiyalarına səbəb olmuşdu.

Federov prezidentlik üçün növbəti namizəd ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Ukraynada prezident seçkisi yalnız ölkənin yeni rəhbərini müəyyən etməyəcək:

“Bu seçki həm də Ukrayna cəmiyyətinin müharibədən sonra hansı istiqaməti seçəcəyini göstərəcək. Ukraynada ölkənin siyasi gələcəyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə prezident seçkisinin nə vaxt keçiriləcəyi, Zelenskinin yenidən namizəd olub-olmayacağı və ona əsas rəqibin kim olacağı ilə bağlı müzakirələr intensivləşir. Hazırkı mərhələdə Ukraynada prezident seçkisinin konkret tarixi müəyyən edilməyib.

Ölkədə hərbi vəziyyət davam edir və Ukrayna parlamenti müddəti 2026-cı il oktyabrın 31-dək uzadıb. Mövcud qanunvericiliyə əsasən, hərbi vəziyyət dövründə prezident seçkisinin keçirilməsi mümkün deyil. Bu isə o deməkdir ki, seçki ilə bağlı hazırkı rəqəmlər faktiki seçkinin nəticəsi deyil. Ona görə də bugünkü reytinqlər gələcək seçkinin nəticəsinə dair yalnız ehtimal yaratmağa imkan verir. Ukraynadakı prezident seçkisi Konstitusiyaya əsasən 2024-cü il martın son bazar günü keçirilməli idi. Lakin hərbi vəziyyət səbəbindən seçki təxirə salındı. Həmin vaxtdan artıq iki ilə yaxın müddət keçib. Son sorğular göstərir ki, Zelenski siyasi çəkisini tamamilə itirməyib.

Son sorğuya əsasən, prezident seçkisi keçirilsə, respondentlərin 32 faizi Zelenskiyə səs verəcəyini bildirib. Keçmiş baş komandan Valeri Zalujnı 16 faizlə ikinci, Kirilo Budanov isə 11 faizlə üçüncü olub. Lakin başqa sorğular siyasi mənzərənin daha mürəkkəb olduğunu göstərir. İyulun 20-21-də keçirilmiş başqa bir sorğuda Zelenskinin göstəricisi 22.3 faiz, Zalujnının 14.9 faiz, keçmiş müdafiə naziri Mixaylo Fedorovun isə 13.4 faiz təşkil edib. Bu fərqlər mühüm bir nəticəyə gətirir: Zelenski birinci turda lider olaraq qala bilər, amma onun qələbəsi əvvəlcədən təmin olunmuş nəticə deyil. Ukrayna prezident seçkisində iki turlu sistemdən istifadə edir. Buna görə birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməsə, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır”.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Ekspert hesab edir ki, Ukraynanın keçmiş baş komandanı Valeri Zalujnı hazırda Zelenskiyə qarşı ən ciddi potensial siyasi alternativlərdən biri hesab olunur:

“Onun əsas üstünlüyü müharibə dövründə formalaşmış yüksək ictimai etimaddır. 2026-cı ilin yayında müzakirə edilən məlumatlar göstərir ki, Zalujnı Ukraynada ən yüksək etimad göstəricilərinə malik siyasi fiqurlardan biridir. Bəzən onun etimad səviyyəsinin 73 faizə çatdığını və siyasi səhnədə Zelenskinin əsas potensial rəqiblərindən biri kimi qəbul edildiyi qeyd edilir. Kirilo Budanov da siyasi mənzərədə diqqətdən kənarda qala bilməz. Son sorğuda Budanov 11 faizlə ilk turda üçüncü yerdədir. Bu onun artıq sadəcə xüsusi xidmət orqanlarının rəhbəri kimi deyil, potensial milli siyasi lider kimi qəbul edildiyini göstərir.

2026-cı ildə Ukrayna siyasətində diqqət çəkən digər ad Mixaylo Fedorovdur. Onun reytinqinin yüksəlməsi siyasi mənzərəyə üçüncü güclü namizədin daxil olduğunu göstərir. İyul sorğularında Fedorov bəzi göstəricilərə görə Zalujnıya çox yaxın nəticə göstərib. Bu, seçkinin nəticəsinə ciddi təsir göstərə bilər. Çünki Fedorov ayrıca siyasi elektorat formalaşdıra bilsə, Zelenski ilə Zalujnı arasında mümkün ikinci turun hesablamalarını dəyişə bilər. Başqa sözlə, gələcək seçki yalnız Zelenski-Zalujnı qarşıdurması olmaya bilər.

Sorğuları ümumiləşdirəndə belə mənzərə təsəvvür etmək mümkündür: əsas favoritlərdən biri Volodimir Zelenski, əsas rəqib Valeri Zalujnı, sürətlə yüksələn alternativ Mixaylo Fedorov, mühüm siyasi potensiala malik namizəd isə Kirilo Budanovdur. Hazırkı hüquqi vəziyyət seçkinin 2026-cı ildə keçirilməsini ciddi şəkildə çətinləşdirir. Hərbi vəziyyət 31 oktyabr 2026-cı ilədək uzadılıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbərliyi də seçkinin hazırlanması üçün seçki reyestrinin yenilənməsi və digər texniki işlərin əhəmiyyətli vaxt tələb etdiyini bildirib. Seçkiyə hazırlıq üçün müəyyən keçid dövrü lazım olacaq. Hazırkı hüquqi və təhlükəsizlik şəraitində seçkinin 2026-cı ildə keçirilməsi real görünmür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: