Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinləri iddia edir ki, bir müddət əvvəl yağan güclü yağış və sel nəticəsində yaranan uçqun və torpaq sürüşməsinin fəsadları hələ də aradan qaldırılmayıb.
Globalinfo.az xəbər verir ki, ərazidə vəziyyətin daha da ağırlaşdığı, yaşayış binasının ətrafında uçqun təhlükəsinin yarandığı bildirilir.
Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində binanın ətrafında torpaq qatında ciddi dəyişikliklər baş verib. Hazırda ərazidə uçqun təhlükəsinin olması və yaşayış binasında bəzi çatların əmələ gəlməsi sakinlərin narahatlığını artırıb. Onlar mümkün təhlükənin qarşısının vaxtında alınmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
“Uçqun baş verəndən sonra hər gün qorxu içində yaşayırıq. Uşaqlarımızı evdən çölə buraxa bilmirik. Hazırda da hər gün torpaq sürüşüb tökülür. Qarşıdan qış gəlir. Bir damcı yağış yağsa, torpağın altında qalacağıq. Çünki torpaq hündürdədir, biz aşağıda”, – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət olunub. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Daha ətraflı “Xəzər TV”nin süjetində: