CNN

Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, CNN-in 5 iyun 2026-cı il tarixli məqaləsində Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə, xüsusilə İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidən fəaliyyət göstərdiyi, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirdiyi barədə konkret iddialar səsləndirilib.

Materialda, həmçinin Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının əvvəlcədən yerləşdirildiyi və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıdığı barədə məlumatlara yer verilib. Sözügedən məqalədə Azərbaycan İran ərazisinə qarşı həyata keçirilən hərbi və kəşfiyyat fəaliyyətinin mümkün iştirakçısı kimi dünyaya təqdim edilib.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə heç zaman imkan verilmədiyi barədə dəfələrlə verilən bəyanatlara baxmayaraq, bu kimi saxta iddiaların CNN-də qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan uzun müddət ərzində regional sülh və sabitliyin təmin edilməsinə, eləcə də bütün qonşu dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və suverenliyə əsaslanmasına yönələn siyasət həyata keçirib.

Qeyd etmək lazımdır ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə ölkəmizə qarşı qərəzli iddialar yayımlayıb. Məsələn, 2020-ci il oktyabrın 1-də, Vətən müharibəsinin davam etdiyi bir vaxtda müəllif Azərbaycana Qarabağda döyüşmək üçün Suriyadan muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı böhtan atıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə dair bəyanat yayaraq bildirmişdi ki, ölkəmizə qarşı yalan və iftira qarayaxma kampaniyasının aparıldığı müşahidə edilir:

“Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur”.

CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab - FOTO

Tim Listerin Azərbaycan əleyhinə fəaliyyətləri bununla bitmir. O, 2023-cü ilin 21 sentyabrında yenə də Qarabağ separatçılarına dəstəyi, Azərbaycana şər-böhtanı özündə ehtiva etdirən növbəti məqalə ilə gündəmə gəlib. Qərəzli müəllif guya Laçın yolunun blokadaya alındığını yazaraq, mövqeyini ortaya qoyub. Əvvəlcə qeyd etmək lazımdır ki, Laçın Azərbaycan ərazisidir və bir ölkə öz ərazisini blokadaya almır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda apardığı mübarizəyə “blokada” donu geyindirmək beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla yanaşı, terror və separatçı fəaliyyətlərə dəstəkdir. Elə həmin ilin 11 yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edərkən də bildirmişdi ki, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin blokadaya alınması, bölgədə humanitar fəlakət yaranması barədə iddialar tamamilə əsassızdır.

Bu baxımdan, iyunun 5-də sözügedən müəllifin çalışdığı media orqanında Azərbaycan əleyhinə yazdığı məqalə də əvvəlki qərəzli münasibətin əyani sübutudur və bütün bunlar hüquqi prosedurun başlaması üçün əsas yaradır. Məsələ burasındadır ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Qurumun sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Buna baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib. Materialın dərcindən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də müvafiq açıqlama verib və iyunun 5-də “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddiaların tamamilə əsassız olduğu və onların qətiyyətlə rədd edildiyi bildirilib.

Bu baxımdan, 6 iyun, 23 iyun və 2 iyul 2026-cı il tarixlərində Azərbaycan tərəfi CNN-ə yenidən rəsmi məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib. CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib. Bu davranış fonunda Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.

Qeyd etmək yerinə düşər ki, hələ 2025-ci ilin 14 iyununda da XİN başçısı Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında da Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını vurğulayıb.

Paylaş: