İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner Qəzza zolağının tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi barədə razılığa gəlib. İsrail tərəfi bunun ardınca ordunun Qəzzadan tam çıxarılmasını planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ynet İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, razılaşma Netanyahu ilə Kuşner arasında dörd saat davam edən görüşün nəticəsində əldə olunub. Görüşdə Qəzzadakı vəziyyətin nizamlanmasına dair Sülh Şurasının planının həyata keçirilməsi məsələləri müzakirə edilib. Mənbənin sözlərinə görə, Qəzzanın bərpasına yalnız HƏMAS-ın anklavın bütün ərazisində tamamilə tərksilah edilməsindən sonra başlanıla bilər.
Netanyahu israr edib ki, prosesin ilk mərhələsində HƏMAS üzvləri silahlarını Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin komandanı Jasper Ceffersə təhvil versinlər. Bu prosesə ABŞ-ın nəzarət etməsi nəzərdə tutulur.
Sülh Şurasındakı mənbə bildirib ki, tərəflər yekun məqsəd kimi HƏMAS-ın tam tərksilah edilməsini və Qəzza zolağının demilitarizasiyasını müəyyənləşdiriblər. Bundan sonra İsrail Müdafiə Ordusunun Qəzzadan tam çıxarılması planlaşdırılır.
Onun sözlərinə görə, HƏMAS yaxın həftələr ərzində tərksilah istiqamətində konkret addımlar atmalıdır.
İsrail həmçinin tərəflərin nəzarətində olan əraziləri ayıran “sarı xətt” boyunca öz hərbi mövqelərinin saxlanılmasını tələb edib. Eyni zamanda İsrail ordusunun hərbçilərinə qarşı yarana biləcək təhlükələrin qarşısını almaq imkanının qorunması da tələb olunub. Görüşdə Qəzza zolağında sanitariya fəlakəti riskinə də xüsusi diqqət yetirilib. Tərəflər epidemiyaların yayılmasının, həmçinin yeraltı və sahil sularının çirklənməsinin qarşısını almaq üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər. İsrail tərəfinin məlumatına görə, danışıqlar müsbət atmosferdə keçib.
Bununla yanaşı, İsrail Fələstin dövlətinin yaradılması üçün zəmin olacaq tədbirləri dəstəkləməyəcəyini bildirib. ABŞ tərəfi isə əldə olunan razılaşmaların icrasını təmin etmək niyyətini açıqlayıb.
Əliyar Xəlil