almaniya ordusu

Alman ordusunun (Bundesver) şəxsi heyətinin sayı son 13 ilin rekord səviyyəsinə çatıb. İyulun sonunda Almaniya Silahlı Qüvvələrində təxminən 186 700 hərbçi xidmət edib. Bu, 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmçinin, ötən illə müqayisədə təxminən 3 700 nəfər çoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bir neçə il davam edən azalmadan sonra Bundesverin şəxsi heyəti yenidən artmağa başlayıb. Bununla belə, Almaniya ordusunun sayı əvvəlki dövrlərlə müqayisədə hələ də xeyli azdır. Mətbuatda qeyd olunur ki, 1980-ci illərdə Qərbi Almaniyanın silahlı qüvvələrində xidmət edən hərbçilərin sayı indiki göstəricidən iki dəfədən də çox olub.
Hərbi xidmətə marağın da artdığı bildirilir. İyulun sonuna qədər Bundesverə hərbi karyera ilə bağlı təxminən 47 300 müraciət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz çoxdur.

Xüsusilə yeni hərbi xidmət proqramına maraq yüksəkdir. Hazırda quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində təxminən 12 100 könüllü və müqaviləli hərbçi xidmət edir. Bu göstərici də ötən illə müqayisədə 6 faiz artıb.

Ekspertlər hesab edirlər ki, şəxsi heyətin artımı bundan sonra da davam edə bilər. Yay ayları ənənəvi olaraq hərbi xidmətə qəbul baxımından daha fəal dövr hesab olunur. Bundesverdə ilin sonuna qədər hərbçilərin sayının daha da artacağı gözlənilir.

Xatırladaq ki, Almaniya Silahlı Qüvvələrinin şəxsi heyətinin ən aşağı göstəricisi 2016-cı ildə qeydə alınıb. Həmin il Bundesverdə təxminən 176 000 hərbçi xidmət edirdi. Berlin isə 2031-ci ilə qədər ordunun şəxsi heyətini 203 000 hərbçiyə çatdırmağı planlaşdırır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: