metro123

“Avqustun 15-dən Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin hərəkət sxemində dəyişikliklərə uyğun yeni təşkilati tədbirlər həyata keçirilir. “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edir, “28 May” stansiyası da normal rejimdə fəaliyyət göstərir. Dərnəgül-Nizami istiqamətində isə qatarların hərəkəti yaşıl xətt üzrə təşkil olunub”.

Bu sözləri Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün stansiyalarda əvvəlcədən nəzərdə tutulduğu kimi könüllülər və əlavə işçi qüvvəsi cəlb edilib:

“Stansiyalara daxil olan sərnişinlərin hərəkət istiqamətləri müəyyənləşdirilir, onlara müvafiq məlumatlar verilir və zərurət yarandıqda avtobuslara yönləndirmə həyata keçirilir. Avqustun 15-də müraciətlərin sayı kifayət qədər çox olsa da, sərnişinlərin çaşqınlıq və qeyri-müəyyənlik şəraitində qalması hallarının qarşısının alınması təmin edilib. Həm könüllülər, həm də metropoliten əməkdaşları sərnişinlərə yaxınlaşaraq yeni hərəkət sxemi barədə məlumatlandırma aparıblar”.

B.Məmmədov qeyd edib ki, bu gün yeni sxemin tətbiqindən sonrakı ilk iş günü olduğundan səhər saatlarında vəziyyət xüsusi nəzarətdə saxlanılıb və ümumilikdə hərəkətin normal təşkil olunduğu müşahidə edilib:

“Bakı Metropoliteni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birlikdə ilkin nəticələri də müzakirə edib. Sərnişinlərin rahatlığının təmin olunması üçün əlavə zəruri tədbirlərin görülməsi, işçilərin sərnişinlərlə davranışı və məlumatlandırma prosesinin təkmilləşdirilməsi istiqamətində monitorinqlər davam etdirilir.

bextiyar memmedov 900x660 1

Bəxtiyar Məmmədov

Qatarlarda müntəzəm səsli məlumatlandırma, stansiyalarda məlumat lövhələrinin yerləşdirilməsi və digər maarifləndirici tədbirlər avqustun 15-dək başa çatdırılıb. Yeni hərəkət sxeminin tətbiqindən sonra qırmızı xətt üzrə interval da optimallaşdırılıb”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, interval azaldılıb:

“Əvvəllər yaşıl və qırmızı xətlər üzrə interval 3 dəqiqə 30 saniyə təşkil edirdisə, xətlərin fiziki olaraq ayrılması nəticəsində qırmızı xətt üzrə interval 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə endirilib. “İçərişəhər” stansiyasında müvafiq tənzimləmə tədbirləri görülüb, əlavə maşınçı ayrılaraq qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunub. “Dərnəgül” Elektrik Deposunun istifadəyə verilməsi ilə yaşıl xətt üzrə də intervalların azaldılması istiqamətində texniki tədbirlərə başlanılıb. Bununla bağlı əlavə məlumatların ictimaiyyətə təqdim ediləcəyi bildirilir”.

B.Məmmədov əlavə edib ki, yeni sxemin digər üstünlüklərindən biri də “Əhmədli”-“28 May” istiqamətində sərnişinlərin gözləmə müddətinin azalmasıdır:

“Əvvəllər platformada “Dərnəgül”-“İçərişəhər” istiqamətində hərəkət edən sərnişinlərin gözləməsi zərurəti yaranırdısa, hazırda stansiyaya daxil olan ilk qatar vasitəsilə sərnişinlərin yollarına davam etməsi mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: