Pentaqonun keçmiş rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta Rusiyanın Avropaya təhlükə yaratdığını bildirib. Panetta “Bild” nəşrinə müsahibəsində NATO-nun Rusiyanın mümkün addımlarına qarşı son dərəcə hazırlıqlı olması gərəkdiyini vurğulayıb.
Onun sözlərinə görə, Moskva NATO-nun müdafiə imkanlarını sınaqdan keçirməyə davam edə bilər. Bu səbəbdən Alyans özünün “qırmızı xətlərini” dəqiq müəyyənləşdirməli və potensial təhdidlərə qarşı vahid mövqe nümayiş etdirməlidir.
Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, Panettanın açıqlamasını təkcə “Rusiya Avropaya hücum edə bilər” kontekstində düşünüb analiz etmək bəsit olardı:
“Çünki söhbət burada daha mühüm və ciddi qüvvədən, yəni NATO-nun təhdid anında çəkindirmə qabiliyyətinin sınağa çəkilməsi və Alyansın qırmızı xətlərinin inandırıcılığından gedir. Onun müsahibəsində güclü bir mesaj var və sanki çağırış edir: Moskva bir gün NATO-nun tam iradəsini nəzərdən keçirəcək və onun 5-ci maddəyə bağlılığını yoxlayacaq.
Bu günə qədər 5-ci maddənin təsir gücü ilə bağlı müxtəlif spekulyativ fikirlər deyilib. Məsələn, bəziləri bu maddənin tələblərinə görə, NATO-ya bütün üzv dövlətlərin müharibə anında məcburi döyüşməli olmadıqlarını qeyd edir. Bu isə Rusiya təhdidinə qarşı birgə mübarizə fəaliyyəti planında ciddi boşluqlar meydana gətirir. Şimali Atlantik Alyansı bununla bir qədər ciddiyyətini itirir. Məhz elə bunun nəticəsidir ki, Rusiya belə boşluqlardan istifadə edərək Avropa üzərində hələlik açıq müharibə olmasa da, hibrid hücumlara davam edir.
Panettanın fikirləri, əslində, Avropada son həftələrdə müşahidə olunan hadisələrlə tam üst-üstə düşür. Almaniyada pilotsuz aparat insidenti, Baltikyanı ölkələrin hava məkanına təkrar müdaxilələr və digər hadisələr Avropa təhlükəsizlik dairələrində Rusiyanın hibrid təzyiq və NATO-nun reaksiyasını yoxlama strategiyası ilə bağlı narahatlığı artırıb. Almaniyanın yüksək səviyyəli hərbi rəhbərliyi də Rusiyanın NATO-nun müdafiəsini davamlı olaraq sınaqdan keçirdiyini bildirib”.

Elnur Ənvəroğlu
Analitik qeyd edib ki, hazırda Rusiya NATO ilə müharibə etmək niyyətində deyil:
“Məqsəd daha çox Alyansın reaksiyasını ölçüb biçmək və rəqibinə qarşı özünü tam hazırlıqlı vəziyyətə gətirməkdir. Mən demirəm NATO zəif silahlanmış bir birlikdir, əksinə, silahı güclüdür amma siyasi birliyi çox zəyifdir. Panettanın “qırmızı xətlər” barədə xəbərdarlığının ən mühüm tərəfi də məhz budur. NATO özünü elə formalaşdırmalıdır ki, qarşı tərəf hücum halında 32 üzv dövlətin siyasi iradəsinin eyni dərəcədə güclü olacağını bilsin.
Mesajda başqa bir istiqamət ABŞ-Avropa münasibətləridir. Məlumdur ki, Avropa artıq əvvəlki kimi təhlükəsizliyinin bütün yükünü Vaşinqtonun üzərinə qoymaq istəmir. Eyni zamanda ABŞ-ın NATO-dakı rolunun gələcəyi ilə bağlı siyasi qeyri-müəyyənlik Avropa paytaxtlarında ciddi müzakirə mövzusudur. Son dövrdə Avropada daha böyük müdafiə xərcləri və öz hərbi imkanlarının gücləndirilməsi istiqamətində çağırışların artması da bunun göstəricisidir.
Bir sözlə, NATO hərbi cəhətdən çox mükəmməl olsa da, siyasi cəhətdən çox yeyilib və korroziyaya uğrayıb. Artıq Alyansda paslanıb sıradan çıxmaqda olan bir sıra siyasi mexanizmlər yenilənməli və gücləndirilməlidir. Bununla da həqiqi bir güc təmərküzləşdirilərək ortaq hədəfə tuşlanmalıdır”.
Turan Rzayev
Globalinfo.az