Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.
Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.
Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.
Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir.
“Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur”, – məlumatda deyilir.
