“Depressiyadan əziyyət çəkən insanların beynində yaddaş üçün mühüm rol oynayan hipokampın müəyyən hissəsinin həcmi kiçilə bilər”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri 50-90 yaş aralığında olan, koqnitiv pozuntusu olmayan 2 mindən çox insanın MRT və PET müayinələrinin nəticələrini təhlil ediblər.
İştirakçıların təxminən üçdə birində depressiya olub.
Tədqiqatçılar xüsusilə hipokampın “CA23DG” adlanan hissəsini araşdırıblar. Bu bölgə CA2 və CA3 sahələrini, həmçinin dişli girusu birləşdirir.
Depressiyadan əziyyət çəkən iştirakçılarda həmin hissənin həcminin depressiyası olmayan insanlarla müqayisədə daha kiçik olduğu müəyyənləşdirilib.
Bu əlaqə yaş, cins, bədən kütləsi indeksi və fiziki aktivlik kimi amillər nəzərə alındıqdan sonra da dəyişməyib.
Həmçinin alzheimer xəstəliyi ilə əlaqəli amillər – beyində amiloid və tau zülallarının səviyyəsi, eləcə də APOE ε4 gen variantının mövcudluğu – nəzərə alınanda da nəticə demək olar ki, eyni qalıb.
Bu isə depressiya ilə əlaqəli hipokamp dəyişikliklərinin alzheimer xəstəliyində müşahidə olunan proseslərdən fərqli olduğunu göstərib.
Lakin alimlər hələlik beynin bu hissəsinin həcminin niyə azaldığını dəqiq müəyyən edə bilmirlər.
Araşdırmanın nəticələri “Translational Psychiatry” jurnalında dərc olunub.
Əliyar Xəlil
Globalinfo.az