pua

Rumıniyada vurulan pilotsuz uçuş aparatı (PUA) böyük ehtimalla Rusiyaya məxsus olub.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığı qərargahının mətbuat katibi, polkovnik Martin O’Donnell deyib.

O, NATO-nun daim yüksək hazırlıq vəziyyətində olduğunu və istənilən təhlükəyə qarşı mübarizə aparmağa hazır olduğunu bildirib.

“Bazar günü baş verən insidentlə bağlı əlavə detallar hələ araşdırılır. Lakin görünən odur ki, PUA Rusiya mənşəlidir”, – deyə o bildirib.

Avqustun 16-na keçən gecə Rumıniyada yerləşən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcısı ölkənin hava məkanına daxil olan naməlum PUA-nı vurub. PUA yerli vaxtla saat 05:01-də məhv edilib. Onun qalıqları Qalaç dairəsində, Bəleni və Kudalbi yaşayış məntəqələri arasında yerləşən yaşayış olmayan əraziyə düşüb.

Rumıniya Müdafiə Nazirliyi PUA-nın mənşəyini rəsmi olaraq təsdiqləməyib. Nazirliyin məlumatına görə, aparat Moldovadan Rumıniya hava məkanına daxil olub.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: