Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda elektrik enerjisinin kəsilməsi qeydə alınıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyi kəsintilərin Mərkəzi Asiya enerji şəbəkəsində elektrik enerjisinin axınında qəfil dəyişiklik səbəbindən baş verdiyini bildirib.
Elektrik şəbəkələri bir-biri ilə əlaqəli olan dörd ölkənin energetika nazirlikləri kəsintiləri təsdiqləyib. Hazırda elektrik enerjisinin bərpası istiqamətində işlərin aparıldığı bildirilib.
“Reuters”in Almatı və Bişkekdəki müxbirləri şəhərlərdə elektrik enerjisinin kəsildiyini bildiriblər. Tacikistanın yerli KİV-i paytaxt Düşənbə və ölkənin ikinci böyük şəhəri Xucənddə elektrik enerjisinin kəsildiyini yazıb. Özbəkistanın hakimiyyət orqanları isə ölkənin cənub bölgələrinin bəzi hissələrində, əsasən Tacikistanla sərhədə yaxın ərazilərdə elektrik enerjisinin kəsildiyini açıqlayıb.
Qeyd edək ki, Mərkəzi Asiyada elektrik enerjisi çatışmazlığı tez-tez baş verir. Bölgənin ənənəvi olaraq hidroenergetikadan asılı olması iqlim dəyişikliyi fonunda problemlər yaradır. Belə ki, su ehtiyatlarının azalması hidroelektrik stansiyaların fəaliyyətinə mənfi təsir göstərir.
Aysel Əliyeva
Globalinfo.az