“Rusiya Ukraynada döyüşlərin hazırkı təmas xətti boyunca dayandırılması ilə bağlı təklifləri nəzərdən keçirə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun fikrincə, münaqişə yalnız uzunmüddətli, etibarlı və davamlı nizamlanma əldə edildikdə dayandırılmalıdır.
“Əgər biz indi təmas xəttində dayansaydıq, əslində nasizm üzərində qələbə qazanmış babalarımızın və ulu babalarımızın qəhrəmanlığının üstündən xətt çəkmiş olardıq. Bunu nəzərdən keçirmək mümkün deyil”.
Lavrov əlavə edib ki, məsələ yalnız bu gün insanların rahat yaşaması ilə bağlı deyil.
O, Rusiyanın minillik dövlətçilik tarixi qarşısında məsuliyyətindən də danışıb.
İyunda “The Economist” nəşri mənbələrə istinadən Ukrayna və ABŞ-ın münaqişənin mövcud təmas xətti üzrə dondurulması variantını müzakirə etdiyini yazmışdı.
Həmin ay Lavrov Avropanı Ukraynadakı münaqişəni “dondurmaq” və Britaniya-Fransa rəhbərliyindəki “istəkli ölkələr koalisiyasının” hərbçilərini Ukraynaya göndərmək niyyətində olmaqda ittiham etmişdi.
Prezident Volodimir Zelenski isə iyunda döyüşlərin cəbhə xətti üzrə dayandırılmasını Ukraynada sülhə nail olmağın ən sürətli yolu adlandırmışdı.
Son olaraq, Ukraynada döyüşlərin dayandırılmasına hazırlıq görüldüyü barədə xəbərlər yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az